Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir N.İsmayılova/
"Parabank" əhalinin banka inamının artması və təqdim olunan bank xidmətlərinin yüksək səviyyəsi hesabına yüksək artıma nail olub. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.
"Parabank" ASC maliyyə fəaliyyətinin bütün əsas göstəriciləri üzrə yüksək artıma nail olub. Belə ki, bankın aktivləri aprelin 1-nə 94.993 mln manat səviyyəsinə çatıb ki, bu da 2009-ci il ilə müqayisədə 33% coxdur.
1 aprel 2009-cu ildə bankın məcmu kapitalının həcmi 11.41 mln manat, nizamnamə kapitalı isə 10.07 mln manat olub, 1 aprel 2010-cu ildə isə məcmu kapital 13.13 mln təşkil edib.
Hesabat dövrü ərzində "Parabank" ASC-nin depozit və kredit portfelləri 2 dəfəyədək artıb. Bankın depozit portfeli 1 aprel 2010-cu il tarixinə 58.15 mln manat səviyyəsinə çatıb. Fiziki şəxslərin bankda yerləşdirilmiş əmanətləri 2009-ci il ərzində 48.02% dəfədən çox artaraq, 1 aprel 2010-cu il tarixinə 53.76 mln manat təşkil edib. Fiziki şəxslərin bankda yerləşdirdikləri tələbli depozitlərin həcmi isə son bir il ərzində 52.73% artıb.
2009-ci il ərzində "Parabank" ASC-nin kredit portfeli 40.31% artaraq, 2010-cu il mart ayının sonuna 64.72 mln manat təşkil edib. 2009-cu ilin sonunda "Parabank" ASC tərəfindən fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 30.52 mln manat təşkil edib. Kreditlərin verilməsini ötən il ərzində fasiləsiz davam etdirmiş bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi təkcə dekabr ayı ərzində 16.62% artıb.
2010-ci il ərzində bankın fəaliyyətindən əldə olunmuş ümumi gəlirlər 4.3 mln manat olub ki, bu da 2009-ci ilin yekunları ilə müqayisədə 45.84% çoxdur. Ötən il ərzində bank 2.58 mln manat faiz gəlirləri, 0.35 mln manat qeyri-faiz gəlirləri əldə edib.
Hesabat dövrünün sonuna bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 3 375 ədəd, bank tərəfindən quraşdırılmış bankomatların sayı 10, POS-terminalların sayı isə 127 ədəd olub.
Aprelin 1-nə bankın əməkdaşlarının sayı 387 nəfər təşkil edib.