...

Dünya Bankı Azərbaycanda maliyyə xidmətlərinin inkişafı layihəsinin yekunu üzrə təqdimat keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2010 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) maliyyə proqramının rəhbəri və Cənubi Qafqazda maliyyə məsələləri üzrə əlaqələndirici Maykl Edvardsın başçılıq etdiyi missiya noyabrın 30-dan dekabrın 6-dək Bakıda səfərdə olacaq. Bu barədə bankın Bakı nümayəndəliyindən bildiriblər.

Səfərin əsas məqsədi maliyyə xidmətlərinin inkişafı layihəsinin həyata keçirilməsinin yekunları üzrə təqdimatıdır. Cari ilin yayında başa çatan bu layihə çərçivəsində əsas məqsəd ölkənin milli poçt operatoru "Azərpoçt"u maliyyə xidmətləri göstərən zaman yaranan idarəetmə riskləri üzrə tələblərə uyğunlaşdırmaqdır. Nümayəndəlikdən dediklərinə görə, təqdimat dekabrın əvvəlində keçiriləcək.

Missiyanın səfəri çərçivəsində kapital bazarının inkişafı üzrə layihənin hazırlanması məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində danışıqların keçirlməsi nəzərdə tutulub.

Əsas komponenti ölkənin poçt şəbəkəsinin modernləşdirilməsi olan maliyyə xidmətlərinin inkişafı layihəsinin ümumi dəyəri 17,5 milyon dollar təşkil edir. Bunun 12,25 milyon dolları DB-nin kreditinin, qalanı isə Azərbaycan hökumətinin payına düşür. İsveçrə hökuməti layihənin həyata keçirilməsi üçün 612 min dollar məbləğində texniki yardım göstərib.

Bu layihənin həyata keçirilməsi əlavə vəsaitlərin cəlb edilməməsi ilə texniki proseslərin başa çatdırılması məqsədilə cari ilin yayına qədər uzadılıb. Layihənin həyata keçirilməsi nəticəsində poçt rabitəsi operatoruna apreldə ölkənin Mərkəzi Bankı tərəfindən məhdud bank xidmətlərinin göstərilməsi üçün lisenziya verilib.

DB Azərbaycanda kapital bazarının inkişafına orta hesabla 5-10 milyon dollar ayrılması imkanını nəzərdən keçirir. Bu layihənin maliyyələşdirilməsinə Beynəlxalq İnkişaf Assosiasiyasının (Dünya Bankının qrupuna daxildir) kvotasından Azərbaycana 2011-ci maliyyə ili üçün müəyyən edilən 73 milyon dollar məbləğində güzəştli kreditin verilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti