Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir N.İsmayılova/
Avropa İttifaqı /http://exporthelp.europa.eu/ ünvanında ixracatçılar üçün rus dilində "Helpdesk"i işə salıb. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
"Helpdesk" Aİ-yə daxil olmayan ölkələrin ixracatçılarının, idxalçılarının, ticarət assosiasiyalarının və hökumətlərin öz mallarını Aİ bazarlarına tədarük etmək üçün Avropa Komissiyasının internet xidmətidir.
"Helpdesk" rus dilində Aİ və "Şərq tərəfdaşlığı"nın altı ölkəsi (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) arasında ticarətin və əməkdaşlığın yaxşılaşdırılması üçün hazırlanıb.
Aİ dünyanın böyük bazarıdır, eləcə də Azərbaycan ixracının aparıcı tərəfdaşıdır. Bundan başqa, 2009-cu ilin yanvarından etibarən Azərbaycan müəssisələri Aİ-yə ixrac üçün güzəştli şərtlərdən istifadə edirlər, bu isə Aİ bazarına daxil olan zaman idxal rüsumlarının ödənişlərini xeyli azaldıb, bəzi hallarda isə tam aradan qaldırıb.
Bu sərfəli ticarət imkanları ilə yanaşı, Azərbaycan sahibkarları öz ixraclarını diversifikasiya edə və artıra bilərlər, belə ki, saytın informasiyası vasitəsilə Azərbaycan ixracatçıları Avropa bazarlarına çıxmaq üçün lazımi məlumatları rus dilində əldə edə bilərlər.
"Helpdesk" 2004-cü ildə işə salınıb və hazırda ondan ingilis, fransız, ispan, portuqal, ərəb, rus dili daxil olmaqla, altı dildə istifadə etmək olar.