Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan və Polşa qiymətli kağızlar bazarında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və bu məqsədlə Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə ediblər. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cümə axşamı yaydığı məlumatda deyilir.
QKDK-nın rəhbərliyi ilə Bakı Fond Birjasının (BFB) və Milli Depozit Mərkəzinin (MDM) rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti dekabrın 12-19-da Polşada işguzar səfərdə olub. Səfər TACIS layihəsi çərçivəsində təşkil olunub.
Səfərin məqsədi Avropa meyarlarına uyğun formalaşan Polşanın qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə mexanizmləri ilə tanışlıq, eləcə də bu mexanizmlərin Azərbaycan qiymətli kağızlar bazarında tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti Polşanın qiymətli kağızlar bazarında tənzimləyici funksiyaları yerinə yetirən Maliyyə Nəzarəti Orqanı, Varşava Fond Birjası, Qiymətli Kağızlar üzrə Milli Depozitar, Broker Evləri Palatası və Listinqdə olan Şirkətlər Assosiyasiyasında görüşlər keçirib.
Azərbaycanın nümayəndə heyəti üçün maliyyə nəzarəti orqanının strukturu, vəzifə və səlahiyyətləri, hüquqi-normativ bazası və investorların hüquqlarının effektiv müdafiəsi sistemi, qiymətli kağızların buraxılışı, emitentlərin şəffaflıq və hesabatlıq sistemi, peşəkar iştirakçıların lisenziyalaşdırma mexanizmləri, bazara nəzarət və yoxlamalar üzrə metodologiya və sistemlər mövzularına dair təqdimatlar təşkil olunub.