...

Azərbaycan beynəlxalq maliyyə institutlarının dəstəyi ilə su təchizatı sisteminin yaxşılaşdırılması üzrə işləri davam etdirəcək – "Azərsu" prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan hökuməti və Dünya Bankının "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üzrə işlər aparılır. Bu barədə "Azərsu" SC-nin prezidenti Nizaməddin Rzayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilmiş müsahibəsində bildirib.

Layihə çərçivəsində Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemləri qurulacaq və su təchizatı yaxşılaşacaq.

Onun sözlərinə görə, Almaniyanın KFW bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyələşdirdiyi layihə çərçivəsində Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilir. Şəki şəhərində 65 min, Gəncə şəhərində isə 344 min əhali etibarlı və davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunacaq.

Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən "Şəhər su təchizatı və kanalizasiya layihəsi"nin birinci mərhələsi üzrə işlər başa çatdırılıb. Bu layihə çərçivəsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular, mənbədən şəhər şəbəkəsinə qədər magistral xətləri və istehsalat bazaları tikilib. Rzayevin sözlərinə görə, AİB ilə Bakıətrafı qəsəbə və kəndlərin, Ağcabədi, Balakən, Beyləqan rayonlarının, eləcə də Naxçıvan, Ağdaş və Göyçay şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatdırılması məqsədilə Asiya İnkişaf Bankı ilə "Çoxtranşlı maliyyə mexanizmi - şəhər su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində II tranş üzrə ümumi razılıq əldə olunub.

Eyni zamanda, ölkənin 10 rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə də işlər davam etdirilir. Bu layihənin icrası Şirvan, Bərdə, Neftçala, Salyan, Xaçmaz, Yevlax, Xızı, Qusar, Qobustan və Naftalan şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına imkan verəcək.

Səudiyyə İnkişaf Fondu ilə layihə çərçivəsində Bakıətrafı ərazilər üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərin genişləndirilməsi nəzərdə tutulub.

"Eyni zamanda Pirşağı, Kürdəxanı, Məhəmmədi, Digah, Mehdiabad, Novxanı, Fatmayı və Görədil qəsəbə və kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, o cümlədən Pirşağı qəsəbəsində məhsuldarlığı sutkada 60 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi "Şərq Asiya İqlim Əməkdaşlığı" çərçivəsində, Koreya hökuməti tərəfindən təklif edilən güzəştli kredit və qrant yardım çərçivəsində nəzərdə tutulub", - Rzayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti