...

Azərbaycan Milli Depozit Mərkəzində özəlləşdirmə paylarının az hissəsi qalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 16:01 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Milli Depozit Mərkəzində (MDM) dövriyyə müddətinin 2010-cu ilin sonunda başa çatmasına baxmayaraq, hələ də özəlləşdirmə paylarının az hissəsi qalır.
Azərbaycan Milli Depozit Mərkəzində özəlləşdirmə paylarının az hissəsi qalır

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Milli Depozit Mərkəzində (MDM) dövriyyə müddətinin 2010-cu ilin sonunda başa çatmasına baxmayaraq, hələ də özəlləşdirmə paylarının az hissəsi qalır. Bu barədə cümə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.

İlin sonunda MDM-də orta hesabla 600 min özəlləşdirmə payının olduğu bildirilmişdi.

"Özəlləşdirmə çeklərinin sahibləri onları MDM-də saxlamaqda davam edirlər. Onlar ötən ilin sonunadək çeklər vasitəsilə özəlləşdirmə prosesində iştirak etmək hüququndan istifadə edə bilərdilər, lakin bunu etməyiblər", - Aslanlı qeyd edib.

"Çeklərin dövriyyədən çıxmasına baxmayaraq, Depozit Mərkəzi onları qiymətli kağızların saxlanması qaydalarına uyğun saxlamaqda davam edəcək", - Komitə sədri vurğulayıb.

"MDM çek sahiblərinin qərarından asılı olaraq adekvat tədbirlər görmək niyyətindədir", - Aslanlı əlavə edib.

Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir Azərbaycan vətəndaşına 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.

Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.

Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci il yanvarın 1-dək, 2004-cü il iyulun 1-dək, 2008-ci il yanvarın 1-dək və son dəfə 2010-cu il dekabrın 31-dək).

"Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra özəlləşdirmə prosesində iştirak üçün yeni mexanizmlər müəyyənləşdirilib", - əvvəllər Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsindən bildirmişdilər.

"Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi bəzi fərmanlara əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli fərmana əsasən, yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

Xəbər lenti

Xəbər lenti