...

Bakıda Azərbaycan və Yunanıstanın dəniz idarələri rəhbərlərinin görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 18:24 (UTC +04:00)
Yunanıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə danışıqlardan sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş imzalanıb.
Bakıda Azərbaycan və Yunanıstanın dəniz idarələri rəhbərlərinin görüşü keçirilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Yunanıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə danışıqlardan sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş imzalanıb.

Sazişin əsas məqsədi Azərbaycan Respublikasının gəmiçilik və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Yunanıstan Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, ölkəmizin bayrağı altında üzən gəmilərin Azərbaycan və Yunanıstan limanları arasında yük və sərnişin daşımaları zamanı maneəsiz və sərbəst hərəkətini təmin etməkdir.

İmzalanma mərasimindən sonra Dövlət Dəniz Administrasiyasının Administrasiyanın rəisi Qüdrət Qurbanovla Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamintidis arasında rəsmi görüş keçirilib. Görüş zamanı Dövlət Dəniz Administrasiyasının rəisi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, həyata keçiriləcək tədbirlər, Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində və dəniz nəqliyyatı sahəsində Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlıq istiqamətləri xüsusilə vurğulanıb. Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasından Trend-ə verilən məlumatda deyilir.

İoannis Diamintidis öz növbəsində həmkarı ilə səmimi görüşdən məmnunluq hissi duyduğunu, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsi üzrə həyata keçirilən tədbirlərin Yunanıstan tərəfində böyük maraq doğurduğunu, yeni inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sayəsində iki dövlətin limanları arasında daşımaların müsbət dinamizminə nail olmağın mümkünlüyünü və dənizçilərin hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini qeyd edib.

Görüş çərçivəsində hər iki tərəfin dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanları arasında gələcək əməkdaşlıq istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti