...

Azərbaycanın həyat sığortası üzrə yeni şirkətinin rəhbərliyi formalaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir A.Axundov/

"Standard Insurance" sığorta şirkətinin açmağa planlaşdırdığı həyat sığortası üzrə yeni şirkətin idarə heyətinin sədri şirkətin idarə heyətinin indiki sədr müavini Aydın Rəhmanov ola bilər. Bu barədə Trend-ə cümə axşamı Rəhmanov özü məlumat verib.

Dövlət Sığorta Nəzarəti Xidməti çərşənbə günü sınaq imtahanlarından uğurla keçənlər üçün sığorta şirkətlərində rəhbər vəzifələrin tutulması məqsədilə namizədlərin siyahısını dərc edib. Bu siyahıda da Rəhmanovun adı var.

"Bu, həyat sığortası şirkətinin yaradılması üzrə təşkilati-hazırlıq işləri çərçivəsində edilir", - Rəhmanov qeyd edib.

Bundan əvvəl "Standard Insurance" sığorta şirkəti Azərbaycan Maliyyə Nazirliyinə ayrıca həyat sığortası şirkətinin - "Standard Insurance Life"ın açılmasına görə icazə almaq üçün müraciət edib.

Bir müddət əvvəl şirkətin idarə heyətinin sədri Kamal İbrahimov deyib ki, "Standard Insurance" ölkədə həyat sığortası ilə məşğul olan ilk şirkət olub və yığım həyat sığortası üzrə uzunmüddətli ilk müqaviləni məhz o bağlayıb.

"Bu gün bizim 10-dan artıq fəaliyyət göstərən iri müştərimiz və həmin sayda da potensial şirkətimiz var", - əvvəllər İbrahimov bildirib.

Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "Standard Insurance" bazarda 2002-ci ildən fəaliyyət göstərir. Şirkət 28 növdə sığorta xidmətləri göstərir. "Standard Insurance"ın nizamnamə kapitalı 11 milyon manat təşkil edir. 2010-cu il ərzində şirkətin sığorta haqları 8,62 milyon manat, ödənişləri isə 2,22 milyon manat təşkil edib.

Bu gün ölkənin sığorta bazarında cəmi üç həyat sığortası şirkəti - "Atəşgah Həyat", "Qala Həyat" və "Paşa Həyat" fəaliyyət göstərir.

Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti hazırda həyat sığortası üzrə şirkətlərin yaradılması ilə bağlı bir neçə təklifi nəzərdən keçirir.

Aprelin 7-nə olan rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti