...

"AtaHoldinq" Almaniyanın iri şirkətləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 17:40 (UTC +04:00)
"AtaHoldinq" ASC-nin idarə heyətinin sədri Fərid Əsədov mayın 5-6-da Almaniyanın Berlin və Münhen şəhərlərində keçirilmiş Almaniya-Azərbaycan biznes forumunda iştirak edib və bir sıra işgüzar görüşlər keçirib.
"AtaHoldinq" Almaniyanın iri şirkətləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 10 may /Trend/

"AtaHoldinq" ASC-nin idarə heyətinin sədri Fərid Əsədov mayın 5-6-da Almaniyanın Berlin və Münhen şəhərlərində keçirilmiş Almaniya-Azərbaycan biznes forumunda iştirak edib və bir sıra işgüzar görüşlər keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Mayın 5-də Berlin şəhərində keçirilmiş biznes forumda iştirak etmiş "AtaHoldinq" ASC-nin idarə heyətinin sədri Fərid Əsədov iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, investisiyaların cəlb edilməsi imkanları barədə aparılmış müzakirələrə qatılıb. Biznes forum zamanı alman iş adamlarının nəzərinə Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən biri olduğu çatdırılıb və ölkəmizdəki əlverişli investisiya mühitindən yararlanmağa dəvət ediliblər.

Mayın 6-da Münhen şəhərində də Almaniya-Azərbaycan biznes forumu keçirilib. Bu biznes forum çərçivəsində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında "Ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması haqqında" anlaşma memorandumu və iki ölkənin bir sıra şirkətləri arasında Azərbaycanda istehsal müəssisələrinin qurulması barədə müqavilələr imzalanıb."AtaHoldinq" ASC-nin idarə heyətinin sədri Fərid Əsədov Münhen şəhərində keçirilmiş biznes forumda da iştirak edib.

Almaniyaya səfəri zamanı Əsədov Almaniyanın bir sıra nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanda investisiya mühiti və imkanları, "AtaHoldinq" ASC-nin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumat almaniyalı iş adamlarının diqqətinə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

"Azərbaycanın Almaniya ilə işğüzar münasibətlərinin möhkəmlənməsi ölkəmizə böyük iqtisadi faydalar verə bilər. İqtisadi əlaqələrin yaxınlaşması yerli məhsullarımızın Almaniya bazarına çıxardılmasına və beləliklə, ixracın artırılmasına öz köməyini göstərəcək", - Əsədov bildirib.

Almaniya-Azərbaycan biznes forumları Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti