Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Axundov/
Azərbaycanın həyat sığortası şirkətləri 2011-ci ilin birinci rübündə bütün il ərzində yığılması planlaşdırılandan artıq mükafat toplayıblar. Bu barədə Trend-ə müsahibəsində "Qarant Sığorta" şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov bildirib.
"Həyat sığortası şirkətlərinin proqnozları kifayət qədər pessimist idi, onlar birinci rüb ərzində belə yığımın olacağını güman etmirdilər. Birinci rüb pik oldu, indi artıq azalma gedir", - Həsənov deyib. Onun sözlərinə görə, yerdə qalan üç rüb ərzində onlar birinci rüb ərzində yığdıqlarından azacıq çox mükafat toplayacaqlar.
2011-ci ilin yanvar-mart aylarında ölkədəki sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə mükafatları 5 959 671,56 manat təşkil edib ki, bu da yanvar-fevral üzrə göstəriciləri üçqat üstələyir. Bu barədə Azərbaycanın Maliyyə Nazirliyinin sığortaçıların birinci rüb üzrə fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.
Bu dövr ərzində sığortanın bu növü üzrə ödəniş həyata keçirilməyib.
"Onlar əvvəlcə iri şirkətlərdəki işçiləri sığortalamağa başladılar, indi isə bir neçə nəfərin işlədiyi daha kiçik müəssisələr gəlir, əslində "dadlı tikə" məhz onlardır", - Həsənov bildirib.
Onun sözlərinə görə, portfel nə qədər diferensial olarsa, sığorta şirkəti bir o qədər özünü rahat hiss edir.
"Portfelin əsas hissəsini təşkil edən iri müştərilərdən asılılıq olmur ki, bu da çox ciddi nəticələrə səbəb olur", - Həsənov bildirib.
Bu gün Azərbaycanda həyat sığortası üzrə cəmi üç şirkət - Atəsgah Həyat, Qala Həyat və Paşa Həyat fəaliyyət göstərir. Onlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə xidmət göstərmək üçün lisenziyaya malikdirlər.
Azərbaycanda cəmi 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.