...

Bakıda yubiley "TransCaspian" beynəlxalq sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 18:24 (UTC +04:00)
Bu ilin 16-18 iyun tarixlərində Azərbaycanda "Bakı Ekspo" sərgi mərkəzində "TransCaspian" 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi keçiriləcək.
Bakıda yubiley "TransCaspian" beynəlxalq sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu ilin 16-18 iyun tarixlərində Azərbaycanda "Bakı Ekspo" sərgi mərkəzində "TransCaspian" 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi keçiriləcək. Nəqliyyat sahəsində bu sərgi ənənəvi olaraq nəqliyyat infrastrukturunun vəziyyəti haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi hesab olunur.

Keçirildiyi illər ərzində bu sərgi regionun nəqliyyat sənayesi üçün yenilikçi texnologiya və avadanlıqların nümayiş etdirilməsi, yeni nümayəndəliklərin açılması və birgə müəssisələrin təsis edilməsinə şərait yaradan ən mühüm nəqliyyat forumuna çevrilib. Sərgi təsis edildiyi gündən Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və"TRASEKA ilə sıx əməkdaşlıq edir. Sərginin təşkilatçıları "ITE Group PLC" və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian LLC" şirkətləridir. 2011-ci il sərgilərinin tərəfdaşları isə "Azerfon-Vodafone", "AZAL", "Greenwich Travel Club" və " Caspel" şirkətləri, habelə "Qafqaz Poynt" mehmanxanasıdır.

Artıq 10 ildir ki, "TransCaspian" sərgisi öz meydançasında sanballı tərkibdə sərgi iştirakçılarını, o cümlədən maddi-texniki təchizat (loqistika) operatorları, daşıma şirkətləri, dəmiryol, dəniz və hava nəqliyyatı şirkətləri, gəmiqayırma və yol tikinti şirkətləri, kommersiya nəqliyyatının distribüterləri, liman və nəqliyyat sahəsinin bir çox digər müəssisələrini bir araya gətirir. Builki sərgi eyni zamanda iki parametr üzrə analoqu olmayan artımla seçilir. Belə ki, iştirakçıların tutduqları sərgi sahəsi ötən il ilə müqayisədə 60% çoxdur, iştirakçıların sayı isə 2 dəfə artıb. Ümumilikdə bu il yubiley "TransCaspian" sərgisində Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyanı təmsil edən 54 şirkət, təşkilat və sənaye strukturları iştirak edirlər. Faiz nisbəti baxımından isə xarici qonaqların sayı təqribən 50% təşkil edir. Getdikcə daha çox yeni şirkət Azərbaycanda keçirilən bu sərgiyə maraq göstərir və bu il debütant şirkətlərin sayı bütün sərgi iştirakçılarının 30%-ni təşkil edir. Sərgi debütantlarının siyahısına Riqa Ticarət Limanı, Həştərxan "Olya" Limanı, "CNR" Korporasiyası (Çin), "Mot McDonald" şirkəti (Çexiya) və s. daxildir. İlk dəfə olaraq, sərgidə Latviyanın milli stendi iştirak edir. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə dövlət idarələri, o cümlədən Azərbaycan Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Metropoliteni və Rusiyanın Azərbaycanda Dəniz Gəmiçiliyi Reyestri iştirak edirlər.

Yubiley "TransCaspian" sərgisi nəqliyyat-ekspeditor xidmətlərindən tutmuş yüklərin çeşidlərə ayrılması üzrə proqram təminatı və avadanlıqlara qədər sahə xidmətlərinin bütün istiqamətləri ilə tanış olmağa şərait yaradacaq. Bu il sərgidə dəmiryol sektoru, dəniz nəqliyyatı, limanlar və daşımalar ən geniş şəkildə təqdim edilib. Sərgi üçün iştirakçı şirkətlərin kataloqundan əlavə, sərgidə təqdim olunan metro və vaqonqayırma sənayesinin yenilikləri haqqında məlumatları əks etdirən yeniliklər kataloqu da dərc ediləcək.

Yubiley "TransCaspian" sərgisi ilə bağlı geniş işgüzar proqram tərtib edilib. Belə ki, iyun ayının 17-də "Baku Ekspo" sərgi mərkəzinin konfrans zalında "Azərbaycanın strateji nəqliyyat dəhlizləri kəsişməsində tranzit ölkə olaraq artan rolu və inkişaf etdirilən nəqliyyat infrastrukturu" mövzusunda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat Konfransı keçiriləcək. Konfransda Azərbaycanı Nəqliyyat Nazirliyi, Rusiya Federasiyası Nəqliyyat Nazirliyi, habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər. Mütəxəssislər Azərbaycanın nəqliyyat kompleksinin fəaliyyəti və inkişafı və dünya nəqliyyat sisteminə inteqrasiyasının gələcəyi, eləcə də ölkənin nəqliyyat kompleksinin gələcək prioritet və perspektiv istiqamətləri xüsusunda gündəmdə duran aktual məsələləri müzakirə edəcəklər. Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yerinə yetirilən daşıma əməliyyatları ilə əlaqədar məsələlərə isə xüsusi diqqət yetiriləcək. Həmçinin, iclaslardan biri məhz ictimai nəqliyyata, o cümlədən yol infrastrukturu sahəsindəki yeniliklərə həsr olunacaq. Beləliklə, konfrans peşəkarların təcrübə mübadiləsi, uğurları ilə bölüşmələri və əsas inkişaf təmayüllərini izləmələri üçün gözəl imkan yaradacaq.

"TransCaspian 2011" sərgisini fərqləndirən cəhət ondan ibarətdir ki, ilk dəfə olaraq sərgi ilə eyni meydançada yeni layihənin, yəni 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road& Traffic" sərgisinin debütü baş tutacaq. Bu sərgilərin bir yerdə keçirilməsi isə bütün maraqlı tərəflərin səmərəli ünsiyyət qurmaları üçün münasib şəraiti təmin edəcək.

Beləliklə, bu sərgi və konfrans bütün regionun nəqliyyat strukturlarının diqqətini Azərbaycana cəlb etməklə, Xəzər regionunun ildə bir dəfə keçirilən mühüm nəqliyyat layihəsi statusunu təsdiq edəcək. Azərbaycanın nəqliyyat sahəsində baş verən hadisələrin fəal dinamikasını əks etdirən bu sərgi sərmayələrin cəlb edilməsinə və yerli infrastrukturun təkmilləşdirilməsinə təkan verir. İştirakçılar üçün isə sərgi öz məhsullarını sərfəli şəkildə təqdim etmək, işgüzar əlaqələr qurmaq və bu əlaqələri genişləndirmək, ticarət sövdələşmələri bağlamaq, işgüzar həmkarları ilə təcrübə mübadiləsi aparmaq, bazarın yeni təmayülləri ilə tanış olmaq və rəqiblərin fonunda öz nailiyyətlərini tam dürüst şəkildə qiymətləndirmək üçün gözəl imkan yaradır.

Xəbər lenti

Xəbər lenti