...

Bakıda "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 18:42 (UTC +04:00)
Cümə günü "Park İNN-Azərbaycan" mehmanxanasında 5-ci Bakı Yay Enerji Məktəbi çərçivəsində "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilib.
Bakıda "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Cümə günü "Park İNN-Azərbaycan" mehmanxanasında 5-ci Bakı Yay Enerji Məktəbi çərçivəsində "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilib.

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev "Xəzər təbii qazı: cari tendensiyalar və gələcək ssenarilər" mövzusuna həsr olunan konfransın əhəmiyyətindən danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu enerji siyasətinin həyata keçirildiyini vurğulayan rektor bu siyasətin təməlinin ulu öndər tərəfindən qoyulduğunu bildirib. "Azərbaycanın xarici siyasəti ilə enerji siyasəti bir vəhdət yaradıb", - deyən Paşayev ölkəmizin uğurlarının məhz enerji siyasətində həyata keçirilən addımlarla çox sıx əlaqəli olduğunu diqqətə çatdırıb. ADA hazırda enerji məsələlərinə xüsusi diqqət yetirir və gələcəkdə də yetirəcək.

Sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib ki, enerji təhlükəsizliyi və beynəlxalq bazara inteqrasiya məqsədi ilə enerji resurslarının nəqlində şaxələndirmə məsələləri qurumun əsas prioritetlərindəndir.

Ölkəmizdə həyata keçirilən layihələrdən danışan Abdullayev bildirib ki, 1999-cu ildə kəşf olunmuş "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir, hazırda burada gündəlik hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensatdır. Artıq yatağın ikinci mərhələsinin işlənilməsinə hazırlıq gedir. Bu mərhələ üzrə inkişaf konsepsiyasına əsasən əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, 30 hasilat quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemləri tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasil olunması 2017-ci ilə planlaşdırılır. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsi respublikanın daxili tələbatının ödənilməsinə və Azərbaycanın qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilməsinə imkan verib.

Həyata keçirilən tədbirlər nəticəsində qaz hasilatı 2004-2010-cu illərdə 5,2 dəfə artaraq 5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılıb. Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resursları isə 10 milyard ton həcmindədir. Araşdırmalar göstərir ki, bu gün respublikanın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-a yaxın struktur var.

ARDNŞ-nin daxili resurslar hesabına "Ümid" perspektiv strukturunda uğurlu nəticə əldə etdiyini vurğulayan şirkətin prezidenti yatağın çıxarıla bilən ehtiyatlarının 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirildiyini də diqqətə çatdırıb.

Ölkəmizdə digər böyük perspektiv qaz yataqlarının da olduğunu deyən Abdullayev qeyd edib ki, görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. Artıq 2015-ci ildə ölkə üzrə qaz hasilatının 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Bu isə, regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu qarşıdakı illərdə daha da artacaq.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda xarici ölkələrin bu sahə üzrə səlahiyyətli nümayəndələri, ekspertlər regionun enerji sahəsində həyata keçirilən siyasətin mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Konfrans Yay Enerji Məktəbinin son günündə keçirilib. Ümumilikdə yay məktəbində 17 ölkədən 41 nəfər iştirak edib.

Xəbər lenti

Xəbər lenti