...

Azərbaycanda sosial müdafiə üzrə dövlət xərclərinin artma tendensiyası gələn il də saxlanacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın dövlət büdcəsinin sosial müdafiə üzrə xərclərinin artma tendensiyası gələn il də saxlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalisinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə bildirib.

"Hər il sosial müdafiə xərclərinin artması dinamikası müşahidə olunur və bu tendensiya gələn il də saxlanacaq, - nazir deyib. - Bizim əsas məqsədimiz fəal sosial siyasət yürütməklə əhalinin yoxsulluq səviyyəsinin azaldılmasıdır".

2010-cu ildə Azərbaycanda yoxsulluq səviyyəsi 9 faiz təşkil edib, 2009-cu ildə ölkə əhalisinin 10,9 faizi yoxsulluq həddində, 2008- cı ildə 13,2 faiz, 2007-ci ildə 16 faiz, 2006-cı ildə 20,8 faiz, 2005-ci ildə 29 faiz olub. Halbuki 2004-cü ildə əhalinin 49 faizi yoxsulluq səviyyəsində yaşayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulur. Bunlar makroiqtisadi sabitlik və iqtisadi artım; məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi; insan kapitalının inkişafı və sosial tərəqqi; institusional siyasət və səmərəli idarəetmə; iştirak və monitorinq istiqamətləridir.

Məşğulluq və əhalinin sosial müdafiəsi sistemi üzrə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur: əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi (2011-2012-ci illər), əmək və məşğulluq sahəsində vahid informasiya bazasının yaradılması (2011-2012-ci illər), Dövlət Məşğulluq Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi və potensialının artırılması (2011-2013-cü illər), işsizliyə görə verilən müavinətlərin, eyni zamanda, peşə hazırlığı, əlavə təhsil vaxtında müəyyən olunmuş təqaüdün minimum məbləğinə yenidən baxılması.

Xəbər lenti

Xəbər lenti