...

Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 13:16 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərini birləşdirən Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək.
Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərini birləşdirən Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

"Hazırda bu layihə çərçivəsində işlər qrafikə uyğun aparılır", - Əsgərov deyib.

Onun sözlərinə görə, bu dəmir yolu ilə yük qatarları ilə yanaşı sərnişin qatarlarının hərəkəti də planlaşdırılır.

"QSC artıq İspaniyanın TALKO şirkətinə sərnişin qatarlarının alınması ilə bağlı müraciət edib", - Əsgərov deyib.

QSC rəhbərinin qeyd etdiyi kimi, bu şirkət Avropa dəmir yolu xəttinə keçid zamanı qatarların təkərlərinin dəyişməsini tələb etməyən sərnişin qatarları istehsal edən yeganə şirkətdir.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilir.

Azərbaycan dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və bərpası üçün 775 milyon dollar məbləğində vəsait ayırıb. Bu layihənin maliyyələşdirilməsi Azərbaycanın Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli " Bakı-Tbilisi-Qars layihəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamına uyğun olaraq həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.

Xəbər lenti

Xəbər lenti