Azərbaycan, Bakı, 16 dekabr /Trend müxbir E.İsmayılov/
Bakı-Tbilisi-Bakı marşrutu üzrə turizm dəmiryol reysinin həyata keçirilməsinin vaxtı "Azərbaycan Dəmir Yolları" QSC turizm şirkətlərinin bütün sifarişlərini qəbul etdikdən sonra müəyyənləşəcək. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, hazırda turizm şirkətlərindən sifarişlər daxil olmaqda davam edir və turzim reysinin həyata keçirilməsinin dəqiq vaxtı ancaq dekabrın 20-dən sonra məlum olacaq.
"Sifariş edilən sərnişinlərin sayından asılı olaraq, vaqonların sayı müəyyənləşdiriləcək" , - Əzməmmədov bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə turizm reysini təşkil etməsi Yeni il bayramı günləri ilə bağlıdır.
Bu, turistləri müəyyən gündə Tbilisiyə çatdıracaq və sonradan onları Vətənə geri qaytaracaq bir reys olacaq.