...

Azərbaycan əhalisi sığortanın texniki təfərrüatları ilə yaxşı tanış deyil - araşdırma

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə Türkiyənin "Gfk Türkiye" şirkəti tərəfindən aparılan Azərbaycanın mənzil sığortası bazarının marketinq araşdırması göstərib ki, respondentlər sığortanın nə demək olduğunu bilirlər, lakin onun texniki təfərrüatları ilə yaxşı tanış deyillər. Bu barədə cümə axşamı Trend-ə sığorta şirkətlərinin birindəki mənbə deyib.

"Rəyi soruşulanların 40 faizi cavab veriblər ki, onların mənzil sığortasına ehtiyacları yoxdur, buna görə də onu əldə etməyiblər. Rəyi soruşulanların 61 faizi bunu onunla izah ediblər ki, onların evlərində oğurluq, yanğın, subasma kimi hadisələr baş vermir. Lakin onlar öz evlərini üç ay ərzində orta hesabla bir dəfə təmir edirlər", - araşdırmada deyilir.

Bu növ üzrə sığortası olan respondentlər arasında ən böyük hissə AXA MBASK-ın müştərilərinin payına düşüb.

"Rəyi soruşulanların 10 faizi deyib ki, sığorta polisini "Paşa Sığorta"dan almaq istərdilər", - araşdırmada qeyd edilib.

Respondentlərin 46 faizi cavab verib ki, əmlaklarını sığortalamaq imkanları var, 25 faizi isə sığortanı gələn il əldə etməyə hazırlaşır.

"Bazarın bu sahəsində sığorta şirkətlərinin istiqamət almalı olduğu prioritet istehlakçılar qrupu daha yüksək sosial-iqtisadi sinfə məxsus kişilərdir. Əmlak sığortası əldə etmək tendensiyası bu seqmentlər arasında nisbətən yüksəkdir", - araşdırmanın nəticəsində deyilib.

Araşdırmalar çərçivəsində 20-54 yaş arasında 770 şəxsin rəyi soruşulub. Onlardan 36 nəfər mənzil sğortası polisinə malik olub.

Sorğu Bakı, Gəncə və Sumqayıtda keçirilib.

Xəbər lenti

Xəbər lenti