...

Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 14:27 (UTC +04:00)
Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar olunub
Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin mart ayında 15 cinayət işi başlanmışdır ki, onlardan da 8-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olmuşdur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilmişdir ki, "Azərbərpa-1" MMC 347 min 487,99 manat, "Rubin-TTİ" 181 min 28,35 manat, "Yeni sabah" MMC isə 4 milyon 119 min 588,22 manat məbləğində vəsaiti vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsinə ödəməkdən yayındırmışlar.

Külli miqdar təşkil edən bu cür vergidən yayınma faktları vergi orqanları tərəfindən "Yeni sabah" MMC-də 2007-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması, "Azərbərpa-1" MMC, "Rubin-TTİ"-də 2010-cu il üzrə aparılan növbədənkənar səyyar vergi yoxlamaları zamanı aşkara çıxarılmışdır. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırmışlar.

Departament tərəfindən aparılmış digər araşdırmalarla "M Aqrarsənaye", "Falko-Fa", "Paradif", "Caspian Dome" və "Pronto LTD" MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilmişdir. Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir.

Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanmışdır.

Xəbər lenti

Xəbər lenti