...

Şahin Mustafayev: Argentina Azərbaycan biznesi üçün Cənubi Amerikaya pəncərə ola bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 11:52 (UTC +04:00)
Argentina Azərbaycan sahibkarları tərəfindən Cənubi Amerika regionunda biznesə başlanması üçün pəncərə ola bilər.
Şahin Mustafayev: Argentina Azərbaycan biznesi üçün Cənubi Amerikaya pəncərə ola bilər (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/

Argentina Azərbaycan sahibkarları tərəfindən Cənubi Amerika regionunda biznesə başlanması üçün pəncərə ola bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Argentina biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, hələlik iki ölkə arasında tam dəyərli iqtisadi inkişaf üçün geniş normativ-hüquqi baza yoxdur.

"Lakin bu istiqamətdə ciddi iş gedir. Hazırda ticari-iqtisadi sahədə əməkdaşlıq və qarşılıqlı investisiyaların təşviqi haqqında hökumətlərarası saziş hazırlanır və razılaşdırılma mərhələsindədir. İlk saziş müvafiq işçi qrupun yaradılmasını nəzərdə tutur", - Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin göstəriciləri böyük deyil, lakin siyasi iradə və iki ölkənin mövcud böyük iqtisadi potensialı onların artacağından xəbər verir.

Mustafayevin dediyi kimi, azərbaycanlı sahibkarlar üçün Argentina iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, alternativ energetika kimi sahələrində işləmək maraqlı ola bilər.

Öz növbəsində Argentina üçün kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı texnikasının ixracı, qida sənayesi və s. sahələrdə işləmək üçün geniş imkanlar ola bilər.

Argentinanın xarici işlər naziri Ektor Timermanın sözlərinə görə, tərəflər arasında energetika, qida sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşdırılması mümkündür.

"Azərbaycanda enerji sektoru, Argentinada isə kənd təsərrüfatı güclü şəkildə inkişaf edir. Ona görə də, iki ölkənin iqtisadiyyatları bir-birilərini tamamlaya bilər", -Timerman jurnalistlərə deyib.

Onun sözlərinə görə, argentinalı sahibkarların bu biznes forumuna geniş marağı Azərbaycanın iqtisadi inkişafının səviyyəsindən və dünya iqtisadiyyatındakı rolundan xəbər verir.

Biznes forumunda Argentinanın daxili ticarət üzrə dövlət katibi Quillermo Moreno və 300-ə yaxın argentinalı sahibkar da iştirak edir.

Xəbər lenti

Xəbər lenti