...

Şahin Mustafayev: Azərbaycanın ECOBANK-la əməkdaşlığı özəl sektorun maliyyələşdirilməsi üçün yeni imkanlar açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 18:51 (UTC +04:00)
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilmişdir.
Şahin Mustafayev: Azərbaycanın ECOBANK-la əməkdaşlığı özəl sektorun maliyyələşdirilməsi üçün yeni imkanlar açacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan və Qırğızıstanın nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Yəhya Marufi və İƏT Katibliyinin əməkdaşları iştirak etmişlər.

Bakıya səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Yəhya Marufi İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür. Görüşdə İƏT ilə əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur. İƏT-lə əlaqələrin genişləndiyini qeyd edən nazir Şahin Mustafayev vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz artıq İƏT Ticarət və İnkişaf Bankına (ECOBANK) 3%-lik payla üzv olmaq niyyətini bildirmiş, bu ilin əvvəlində ECOBANK-ın Rəhbərlər Şurasının toplantısında Azərbaycanın Banka üzvlük müraciəti qəbul edilmişdir. Müvafiq prosedurlar başa çatdırıldıqdan sonra ölkəmizin ECOBANK-a tamhüquqlu üzvlüyü təsdiq ediləcəkdir. Bankla əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İƏT üzvü olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaqdır.

İyulun 16-da öz işinə başlayan və 2 gün davam edən İqtisadi Əməkdaşlıq Təşkilatının görkəmli xadimlər qrupunun 7-ci iclasında İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın qazandığı iqtisadi uğurlar barədə məlumat vermiş, ölkəmizin beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamış, 2011-ci ildə Azərbaycanın Təşkilata üzv ölkələr ilə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 37,8% artdığını diqqətə çatdırmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Yəhya Marufi tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirmiş, təşkilatın son illərdəki fəaliyyəti barədə məlumat vermiş, üzv ölkələr arasında inteqrasiya və əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulamışdır.

Görkəmli xadimlər qrupunun sədri, Türkiyənin nümayəndəsi Numan Xəzər qrupun fəaliyyəti və əvvəlki iclaslarının nəticələri barədə məlumat vermişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının görkəmli xadimlər qrupunun 2 gün davam edən 7-ci iclası müzakirələrlə davam etdirilmiş, "İƏT-in səmərəliliyinin, dinamikliyinin və potensialının gücləndirilməsi" hesabatının hazırlanması üzrə iş başa çatdırılmışdır.

Hesabat qrupun bu ilin sentyabr ayında Türkiyədə keçiriləcək yekun iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə təqdim ediləcək, oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında nəzərdən keçirilərək müvafiq qərarlar qəbul ediləcəkdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının 2010-cu ilin dekabrında keçirilən sonuncu Zirvə Görüşündə yaradılmış görkəmli xadimlər qrupunun əsas vəzifəsi təşkilatın son 10 ildə fəaliyyətini təhlil etmək və qiymətləndirmək, tövsiyə və təklifləri hazırlayaraq İƏT-ə təqdim etməkdir.

Xəbər lenti

Xəbər lenti