...

Azərbaycanın qiymətli kağızlar bazarı 55 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 19:40 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artaraq 5,8 milyard manat təşkil edib.
Azərbaycanın qiymətli kağızlar bazarı 55 faiz artıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artaraq 5,8 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci ilin I yarısı üzrə fəaliyyət hesabatında deyilir.

Hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 37 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81 faiz azdır. Lakin buna baxmayaraq, bütövlükdə bazarın bu seqmenti üzrə artım Mərkəzi Bankın notları və onlarla keçirilən repo əməliyyatları hesabına reallaşıb.

Cari ilin ilk yarısı ərzində Mərkəzi Bank tərəfindən bazarda yerləşdirilən notların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz, bu alətlərin təkrar bazarı isə 31 faiz artıb, bütövlükdə bazarın həcmi 25 faiz artaraq 616,7 milyon manat təşkil edib. Hesabat dövrü ərzində repo əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz, əməliyyatların həcmi isə 81 faiz artaraq 4,9 milyard manat təşkil edib.

2012-ci ilin birinci yarısı ərzində korporativ qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb, lakin korporativ borc alətlərinin dinamikasında müşahidə olunmuş geriləmə nəticəsində bazarın həcmi 30 faiz azalaraq 231,2 milyon manat təşkil edib.

Hesabat dövründə səhmlərin ilkin bazarında yerləşdirmələrin sayı 40,5 faiz, həcmi isə 26,5 faiz azalıb. Lakin səhmlərin təkrar bazarında əməliyyatların sayının 16 faiz, həcminin isə 96,3 faiz artması bütövlükdə səhm bazarının əməliyyatların sayının 13,6 faiz, həcminin isə 5 faiz artaraq 84,6 milyon manata çatmasına səbəb olub.

2012-ci ilin birinci yarısı ərzində korporativ istiqrazlar bazarında əməliyyatların sayı 7,9 faiz, həcmi isə 41,6 faiz azalaraq 146,6 milyon manat təşkil edib.

Azərbaycan ipoteka istiqrazlarının ilkin və təkrar bazarının həcmi cari ilin ilk yarısı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,4 faiz azalaraq 73,6 milyon manat təşkil edib. Bütövlükdə cari il ərzində Azərbaycan İpoteka Fondunun 30 milyon manatlıq istiqrazları emissiya olunub, 23,1 milyon manatlıq istiqrazlar yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti