...

Bu ilin I yarısında Azərbaycanda icbari sığorta növləri üzrə yarım milyona yaxın müqavilə bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2013 12:26 (UTC +04:00)
İcbari Sığorta Bürosunun üzvləri 2013-cü ilin I yarısında büro tərəfindən tənzimlənən 4 icbarı sığorta növü sahəsində 498 884 müqavilə üzrə 39,339 milyon manat toplayıblar.
Bu ilin I yarısında Azərbaycanda icbari sığorta növləri üzrə yarım milyona yaxın müqavilə bağlanıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ. Xəlilova/

İcbari Sığorta Bürosunun üzvləri 2013-cü ilin I yarısında büro tərəfindən tənzimlənən 4 icbarı sığorta növü sahəsində 498 884 müqavilə üzrə 39,339 milyon manat toplayıblar.

Bu barədə bazar ertəsi Trend İcbari Sığorta Bürosunun saytına istinadən məlumat verir.

12 şirkət İcbari Sığorta Bürosunun üzvüdür: Paşa Sığorta, Atəşgah Sığorta Şirkəti, Standard Insurance Sığorta Şirkəti, AtaSığorta, Xalq Sığorta, AXA MBASK Sığorta Şirkəti, AZSIĞORTA, Alfa Sığorta, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti, Meqa Sığorta, İpək Yolu Sığorta və Azərbaycan Sənaye Sığorta.

Yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 439 200 müqavilə üzrə 32,4 milyon manat, daşınmaz əmlakın icbari sığortası üzrə haqlar 6,696 milyon manat (57 213 müqavilə), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə haqlar 175,492 min manat (2 212 müqavilə) və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə haqlar 68,6 min manat (259 müqavilə) təşkil edib.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin sayında 5 faiz və sığorta haqlarının məbləğində 7 faiz azalma, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin sayında 21 faiz və sığorta haqlarının məbləğində 56 faiz, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqavilələrinin sayında 12 faiz və sığorta haqlarının məbləğində 22 faiz və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələrinin sayında 3,8 dəfə və sığorta haqlarının məbləğində 4,46 dəfə artım müşahidə edilib.

Ümumilikdə 2013-cü ilin altı ayı ərzində bağlanmış icbari sığorta müqavilələrinin sayı 498,8 mindən, daxil olan sığorta haqlarının məbləği isə 39,3 milyon manatdan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti