...

Azərbaycan biznesi 2013-cü il üçün güzəştli maliyyələşdirmənin 91 faizdən çoxunu mənimsəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 20:20 (UTC +04:00)
Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qazax rayonunun Qazaxbəyli kəndində keçirib.
Azərbaycan biznesi 2013-cü il üçün güzəştli maliyyələşdirmənin 91 faizdən çoxunu mənimsəyib

Azərbaycan, Bakı, 6 sentyabr/Trend, müxbir E. Əliyev/

Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qazax rayonunun Qazaxbəyli kəndində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib. Bu barədə Trend cümə günü Nazirliyin saytına istinadən məlumat verir.

Tədbirdən əvvəl dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Qazax şəhərində konserv zavodunun fəaliyyətinə baxış keçirilib.

Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının və xalçaçılıq müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Qazaxda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov çıxışlarında ölkədə sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Qazaxda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3121 investisiya layihəsinin maliyyələşdirilməsinə 227,6 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 9200-dən çox yeni iş yerinin yaradılacağını qeyd edib. Bildirilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 123,3 milyon manat güzəştli kredit verilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 59 sahibkara 788 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti