...

Azərbaycan sənaye zonalarının yaradılmasında Tatarıstanın təcrübəsini tətbiq edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2013 11:40 (UTC +04:00)
Azərbaycan qeyri-neft sektoru sahələrinin inkişafında Tatarıstanla əməkdaşlığa maraq göstərir.
Azərbaycan sənaye zonalarının yaradılmasında Tatarıstanın təcrübəsini tətbiq edə bilər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan qeyri-neft sektoru sahələrinin inkişafında Tatarıstanla əməkdaşlığa maraq göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü zamanı Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Tatarıstanın nümayəndə heyəti maşınqayırma, kənd təsərrüfatı və digər sahələrə marağını ifadə edib: "Prinsip etibarilə tərəflərin maraqları üst-üstə düşür və müvafiq olaraq tərəflər arasında əməkdaşlıq üçün imkanlar var".

N.Səfərovun sözlərinə görə, hazırda Azərbaycanda dörd sənaye parkının yaradılması üzrə işlər gedir. Həmçinin Sumqayıtda texnopark yaradılır. Öz növbəsində, Tatarıstanın azad iqtisadi zonalar və sənaye parklarının yaradılması sahəsində təcrübəsi var və bu sahədə öz təcrübəsinin bölüşə bilər.

Nazir müavininin qeyd etdiyi kimi, Azərbaycanla RF arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsindədir. Azərbaycan iqtisadiyyatı inkişaf edir və ölkənin iqtisadi potensialı RF və onun subyektləri, o cümlədən Tatarıstanla ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələ bilər.

Tatarıstanın sənaye və ticarət nazirinin müavini İldar Minqaleyevin sözlərinə görə, Tatarıstandan maşınqayırma, kimya, yüngül və qida sənayesi, eləcə də kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması istiqamətləri perspektivlidir.

Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycanla Tatarıstan arasında əmtəə dövriyyəsi 255 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti