...

"AtaBank" 2014-cü ilin strateji məqsədlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 20:14 (UTC +04:00)
"AtaBank" ASC-nin 2013-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub.
"AtaBank" 2014-cü ilin strateji məqsədlərini açıqlayıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

"AtaBank" ASC-nin 2013-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub.

Bankdan Trend-ə verilən məlumat görə, ötən il aktivlərin dinamikasında 30,4% və ya 87,3 milyon manat artım müşahidə olunub. Başqa sözlə, ilin əvvəlində aktivlər 287,6 milyon manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 374,9 milyon manata çatıb.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədədir. Artım 28,3% və ya 53,3 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 188,5 milyon manat olduğu halda, yekunda bu rəqəm 241,7 milyon manatı aşıb.

2013-cü ilin yekunlarına görə bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 30,9% və ya 75,2 milyon manat artaraq, 318,7 milyon manat təşkil edib. Qeyd edək ki, 2013-cü ilin əvvəlinə bu göstərici 243,5 milyon manat təşkil edirdi. Müddətli depozit portfeli isə 189,6 milyon manatdan 54,5 milyon manat və ya 28,7% artaraq 244,1 milyon manat təşkil edib. 2013-ci il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük artım dinamikası qeydə alınıb. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 28,4% artaraq 172,7 milyon manatı keçib.

İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8% və 19,4% təşkil edib. 2014-cü ilin əvvəlinə bankın bankomatlarının sayı 80, şəbəkəsinə qoşulmuş POS terminal sayı isə 8188 ədəd olub.

İlin nəticəsinə görə bankın xalis mənfəəti 5,6 milyon manat təşkil edib.

2013-cü il "AtaBank" ASC üçün təkcə yüksək maliyyə göstəriciləri ilə deyil, habelə əlamətdar hadisələrlə də yadda qalıb. Ötən il 20 illik yubileyini qeyd edən "AtaBank" ASC və 10 illik yubileyini qeyd edən "AtaHolding" ASC Heydər Əliyev Mərkəzində təntənəli tədbir təşkil edərək Azərbaycan bankçılıq və reklam bazarında bir sıra premyeralara imza atmış bank olub. Belə ki, ötən aylarda mətbuatda ən çox işıqlandırılan tədbirlərdən biri olan həmin yubiley gecəsində Azərbaycan tamaşaçılarının diqqətinə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri əsasında 1945-ci ildə çəkilmiş və baş rollarını korifeylərimiz Rəşid Behbudov və Leyla Bədirbəylinin ifa etdikləri eyniadlı filmin bərpa edilmiş və rənglənmiş versiyası təqdim olunub. "AtaBank" ASC həmin gecədə Azərbaycan bankçılıq və reklam bazarında ilk dəfə Almaniyanın məşhur "Die Mobiles" kölgələr teatrının iştirakı ilə böyük rəğbət qazanmış imic reklam çarxını və möhtəşəm qeyri-adi "Bakı" şousunu təqdim edib.

Digər bir ilk də məşhur amerikalı rəssam Den Dannın canlı musiqinin sədaları altında 5 dəqiqə ərzində tikinti boyaları istifadə etməklə Rəşid Behbudovun portretini çəkməsi olub.

2013-cü ilin əsas uğurlarından biri də "AtaBank" ASC-nin depozit siyasətinə yenidən baxaraq vətəndaşlara "Universal", "Yığım" və "VIP" əmanət növlərini təqdim etməsi olub. Bu əmanətlər bankçılıq bazarında yüksək gəlirlilikləri ilə seçilirlər. 2013-cü ilin əvvəlindən ilin sonuna qədər sərfəli kredit məhsulları təqdim edən "AtaBank" ASC bu istiqamətdə də yüksək uğurlar əldə edərək geniş müştəri kütləsi cəlb edib. Nağdsız ödənişlərin stimullaşdırılmasına dair dövlət proqramını dəstəkləyən bank ötən il olduğu kimi, bu il də "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasına da davam edəcək.

Əldə olunan uğurlar 2014-ci ildə bankın, onun əməkdaşlarının üzərinə düşən məsuliyyəti daha da artırır. Daim bir addım öndə olmağı qarşısına prioritet məqsəd kimi qoyan "AtaBank" ASC bu il də iş sistemini bir qədər təkmilləşdirmək, müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir. Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etdirilməsi də inkişaf strategiyasının ayrılmaz hissəsidir. Eyni zamanda, bank bir neçə elektron şöbənin və filialın açılışını da planlaşdırır.

2014-cü ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Hazırda bankın 2013-ci il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "Deloitte&Touche" həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti