Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.Əliyev/
Azərbaycan və Birləşmiş Ştatlar yaxın gələcəkdə ikiqat vergitutmadan yayınma haqqında saziş imzalamaq niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, digərləri ilə yanaşı, bu sənəd nazirliyə ABŞ-da gəlir əldə edən və vergidən yayınan azərbaycanlı rezidentlərlə fəal mübarizə aparmağa, yəni əvvəllər ABŞ-ın Daxili Gəlirlər İdarəsi ilə əldə olunan IRS sazişini təcrübədə reallaşdırmağa imkan verəcək.
Keçən həftə nazirlik IRS-lə amerikalı rezidentlərinin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşmaya nail olunduğunu elan etdi. 2010-cu ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş sənəd cari ilin iyul ayının 1-dən dünyanın bütün ölkələrinin banklarının üzərinə belə hesablar haqqında IRS-ə məlumat verməyi öhdəlik qoyur. Əks təqdirdə onlara sanksiyalar tətbiq ediləcək.
Ələkbərov bildirib: "Azərbaycan hökuməti tərəfindən vergilər nazirinin müavini Namiq Əmirovun başçılığı ilə bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Amerika tərəfinin qaldırdığı məsələyə hökumətin adekvat reaksiyası qısa müddət ərzində bütün lazımi razılaşmalara nail olmağa imkan verir".
Nazirliyin məlumatına görə, diplomatik kanallarla razılaşdırılmış informasiya mübadiləsi haqqında qanun layihəsi təklif olunan modellərdən ən sərfəlisini əks etdirir. Həmin modelə görə, iki ölkənin səlahiyyətli orqanları öz rezidentlərinin hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi edəcəklər.
Nazir müavini deyib: "Bu yaxınlaradək ölkə qanunvericiliyi belə məlumatların verilməsini qadağan edirdi, lakin ötən il yanvarın 1-dən Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına bu qadağanı aradan qaldıran düzəlişlər edildi. Azərbaycana məlumatların ötürülməsinə gəldikdə, bunun üçün hazırda bizim ABŞ-la malik olmadığımız ikiqat vergitutmadan yayınmaq haqqında saziş imzalanmalıdır".
Ələkbərov əlavə edib ki, Strasburq Konvensiyasına düzəlişləri imzalamaqla Azərbaycan bütün ölkələrlə belə sazişlərin imzalanması imkanı əldə etdi.
Öz banklarındakı amerikalıların hesabları haqqında məlumatların ötürülməsindən imtina edən ölkələrin üzləşəcəkləri sanksiyalar bu il iyulun 1-dən qüvvəyə minir. Azərbaycan IRS-in əməkdaş ölkələr siyahısına daxil edilib və bunun sayəsində Amerikanın vergi orqanı sistemində yerli maliyyə institutlarının qeydiyyatının ən son tarixi bu il dekabrın 31-dək uzadılıb. FATCA üzrə hökumətlərarası sazişin yekun mətni, bütün zəruri dövlətlərarası prosedurların tamamlanması və bilavasitə imzalanma bu ilin sonunadək baş tutacaq.