...

ARDNŞ struktur bölmələri üçün mütəxəssislər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2014 14:16 (UTC +04:00)
Mərkəzlərə builki sənəd qəbulu iyunun 17-də başa çatıb.
ARDNŞ struktur bölmələri üçün mütəxəssislər hazırlayır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə və Qobustan Regional Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin 3-cü turu çərçivəsində test imtahanları keçirilib. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbəri Fuad Süleymanov deyib.

Onun sözlərinə görə, imtahanlar ixtisaslı işçilərin hazırlanması və gələcəkdə onların işlə təmin edilməsi məqsədilə hər il keçirilir.

Mərkəzlərə builki sənəd qəbulu iyunun 17-də başa çatıb. Mərkəzlərə qəbul olunmaq üçün 1357 nəfər müraciət edib, müsabiqənin şərtlərinə uyğun gələn 1252 nəfər namizədin müraciəti təsdiqlənib.

2014-2015-ci tədris ili üçün mərkəzlərə 14 ixtisas üzrə 257 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Mərkəzlərdə tədris müddəti 1 ildir. Builki qəbul qaydaları daha optimal şəkildə hazırlanıb və müsabiqənin daha ədalətli, obyektiv və şəffaf keçirilməsi məqsədilə qəbul yalnız elektron müraciət formasında aparılıb. 2012-ci ildən etibarən yaşı 29-a qədər olan oğlanlarla yanaşı gənc qızlar da müraciət əsasında müsabiqədə iştirak edirlər. Bu il müsabiqədə 119 gənc qız iştirak edir.

900 nəfərə yaxın iddiaçı 1-ci mərhələni uğurla keçərək 2-ci mərhələdə - test imtahanında iştirak etmək hüququ qazanıb.

F. Süleymanov əlavə edib ki, kadrların hazırlanması ARDNŞ-nin hesabına həyata keçiriləcək: "Şirkətin ehtiyat kadr bazası var, bura yeni mütəxəssislər daxil ediləcək və vakansiyalar yarandıqca onlar ARDNŞ-nin struktur bölmələrində işlə təmin ediləcəklər. İmtahanlar 5 fənn üzrə aparılır. İmtahanın nəticələri bazar ertəsi ARDNŞ-nin saytında açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti