...

Xaçmazda biznes inkubator fəaliyyətə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 18:06 (UTC +04:00)
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Biznes İnkubator fəaliyyətə başlayıb. Bununla bağlı sentyabrın 10-da Xaçmazda keçirilmiş tədbirə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Gənc Sahibkarlar Şəbəkəsi”nin, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də biznes inkubatorun iştirakçıları qatılıblar.
Xaçmazda biznes inkubator fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Biznes İnkubator fəaliyyətə başlayıb. Bununla bağlı sentyabrın 10-da Xaçmazda keçirilmiş tədbirə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Gənc Sahibkarlar Şəbəkəsi"nin, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də biznes inkubatorun iştirakçıları qatılıblar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. İqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən S.Məmmədov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd edib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. 2002-2014-cü illər ərzində 3040 gənc sahibkara 278,4 milyon manat həcmində güzәştli kreditlәr verilib ki, bu da 13 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayının artması müşahidə edilir.

S.Məmmədov Xaçmazda biznes inkubatorun yaradılmasının sahibkarlığın inkişafına göstərilən növbəti dəstək tədbiri olduğunu vurğulayıb. Bildirilib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda və s. ölkədə biznes inkubatorların yaradılması öz əksini tapıb. Biznes inkubator gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına da öz töhfəsini verəcək.

Biznes inkubatorda fəaliyyət göstərəcək iştirakçılar bu ilin iyul ayında İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiya tərəfindən seçilib. Ümumilikdə, biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kvadratmetrə yaxın sahə ayrılıb və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunub. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcək.

Artıq biznes inkubator Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunub. Yerli mütəxəssislərlə yanaşı, gələcəkdə biznes inkubatorda xarici ekspertlərin fəaliyyəti də nəzərdə tutulur. Bundan başqa, biznes inkubator iştirakçıları fəaliyyət göstərdikləri sahələr üzrə gələcəkdə xarici ölkələrin müəssisələrində ixtisasartırma keçəcək, onlarla biznes əlaqəsi qurmalarına köməklik göstəriləcək.

S.Məmmədov biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağını qeyd edib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında Azərbaycanda biznes inkubatorun yaradılması üçün pilot olaraq Quba-Xaçmaz iqtisadi rayonunun seçilməsinin regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd edib, layihənin məşğulluğun artırılmasında da əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxışında aqrar sahənin inkişafında sahibkarlığın rolu, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmlərindən danışıb, dövlət dəstəyi nəticəsində keyfiyyətli, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının genişləndiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə dövlət başçısına təşəkkür edib, layihənin gənclərin məşğulluğunun artırılmasında, gənc sahibkarların inkişafında əhəmiyyətini vurğulayıblar.

Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib.

Tədbir iştirakçıları daha sonra biznes inkubatorun fəaliyyəti üçün ayrılmış otaqlar, burada iştirakçılar üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbir iştirakçıları, həmçinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanılması sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilir. Sərgidə nümayiş olunan ixracyönümlü məhsullar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində biznes inkubatorun iştirakçıları Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti