...

Azərbaycanın tədiyyə balansının profisiti təxminən iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2014 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin I yarısının yekunlarına əsasən, cari əməliyyat hesablarının profisiti 6,4 milyard dollar təşkil edib. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,5 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) tədiyyə balansında deyilir.

O cümlədən, həmin dövrdə neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 10,3 milyard dollar olub.

Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 3,9 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti ötən ilin eyni dövrünə nisbətən 1,88 dəfə artaraq 4,4 milyard dollar olub.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin yanvar-iyun ayında da neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2014-cü ilin I yarısında xarici ticarət dövriyyəsinin ümumi həcmi 20,1 milyard dollar, xarici ticarət balansının müsbət saldosu isə 11,1 milyard dollar təşkil edib.

Bu dövrdə 136 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 7,7 faizi MDB ölkələrinin, 92,3 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, İndoneziya, ABŞ, Rusiya, Almaniya, İsrail, Tailand, Yaponiya və Fransa ilə intensiv ticarət aparılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 69,1 faizi bu ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti