...

VTB (Azərbaycan) Bankının aktivləri 65 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 20:51 (UTC +04:00)
Cari ilin 8 ayının yekununda VTB (Azərbaycan) Bankının aktivləri 249 milyon manat təşkil edib.
VTB (Azərbaycan) Bankının aktivləri 65 faiz artıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Cari ilin 8 ayının yekununda VTB (Azərbaycan) Bankının aktivləri 249 milyon manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, bu ilin əvvəlindən etibarən aktivlər 41 milyon manat və ya 20% artıb, 2013-cü ilin eyni dövrünə nisbətdə isə aktivlərin artımı 98 milyon manat və ya 65% təşkil edib.

1 sentyabr 2014-cü il tarixinə VTB (Azərbaycan) Bankının məcmu kredit portfeli 238 milyon manata çatıb. Ötən ilin eyni müddətinə nisbətdə kredit portfeli 99 milyon manat və ya faiz nisbətində 71% artıb. Bu zaman kreditlərin 53%-i biznes kreditlərin payına düşüb. Biznes kreditlər portfelində isə kiçik sahibkarlığa ayrılan kreditlər 32%, iri və orta sahibkarlığa ayrılanlar isə 21% təşkil edib.

Ümumi kredit portfelinin 47%-i istehlak kreditlərinin payına düşüb və istehlak kreditlərinin strukturunda əsas yeri avtokreditlər və nağd kreditlər tutub ki, bu iki məhsul üzrə müvafiq olaraq 28% və 14% kredit ayrılıb.

VTB (Azərbaycan) Bankının məcmu kapitalı 1 sentyabr tarixinə 47 milyon manata çatıb. Ötən ilin 1 sentyabr tarixinə olan eyni göstərici ilə müqayisədə məcmu kapital üzrə artım 52% və ya 16 milyon manatdır.

VTB (Azərbaycan) Bankının Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib ki, 2016-cı ilin sonuna VTB (Azərbaycan) Bankı Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirmək niyyətindədir: "Bu müddət ərzində ümumilikdə 20 yeni filialın açılışı planlaşdlırılır".

Hesabat dövrünə VTB (Azərbaycan) Bankının yalnız Bakıda olmaqla 9 filialı fəaliyyət göstərib. Yaxın günlərdə bankın Bakıda, Xırdalan və Sumqayıt şəhərlərində yeni filialları müştərilərin xidmətinə veriləcək.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 9 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti