...

Novruz Məmmədov: Əməkdaşlığın ikitərəfli formatı Azərbaycanı qane edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 16:17 (UTC +04:00)
Azərbaycan sırf iqtisadi mülahizələri rəhbər tutaraq enerji layihələrini həyata keçirib və bundan sonra həyata keçirəcək.
Novruz Məmmədov: Əməkdaşlığın ikitərəfli formatı Azərbaycanı qane edir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycan sırf iqtisadi mülahizələri rəhbər tutaraq enerji layihələrini həyata keçirib və bundan sonra həyata keçirəcək. Trend xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa İttifaqı bazarlarına bir vaxtda çıxışı üçün Rusiya və Azərbaycanın daha sıx koordinasiya imkanlarına dair suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın enerji layihələri bir-birilərini qarşılıqlı şəkildə tamamlayırlar: "Avropa bazarı enerji ehtiyatlarına ehtiyac duyur və bu bazar ən ödəmə qabiliyyətli və qanunvericiliklə tənzimlənən bazardır".

Moskva və Bakının münasibətləri haqqında danışan N.Məmmədov deyib ki, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinə liderlər İlham Əliyev və Vladimir Putinin münasibətlərinə əsaslanan çoxtərəflilik xasdır: "2014-cü ildə siyasi dialoqun dərinləşməsində, iqtisadi və humanitar layihələrin reallaşdırılmasında, hərbi-texniki əməkdaşlığın genişləndirilməsində dinamika müşahidə edildi. Rusiya Federasiyası bizim üçün strateji tərəfdaşdır və qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndiririk".

Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin mümkün formatları haqqında suala cavab verən Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan Avrasiya məkanındakı inteqrasiya proseslərini diqqətlə izləyir: "Kiçik ölkə olsaq da, Azərbaycanın qitələrin kəsişməsində yerləşməsi bizi çoxlu sayda logistik layihələrin iştirakçısına çevirir. Azərbaycanın iqtisadi potensialı əməkdaşlıq üçün öz şərtlərini diktə edir və bu gün ikitərəfli format daha nikbin görünür. Avrasiya İqtisadi İttifaqının üzvləri - Rusiya, Qazaxıstan və Belarusla uğurlu qarşılıqlı faydalı münasibətlərimiz yaranıb. Bizim həmin ölkələrin hər biri ilə çox yaxşı əmtəə dövriyyəmiz var və onun gələcəkdə artması üçün böyük potensial var".

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistanın Avrasiya İqtisadi İttifaqının daxil olması ilə bağlı mövqeyini Qazaxıstan Prezidenti səsləndirib və həmin mövqe ondan ibarətdir ki, Yerevan istənilən ittifaqa daxil ola bilər, lakin yalnız beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində.

N.Məmmədov qeyd edib: "Biz bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi faydalılıq mövqeyindən yanaşırıq. Hazırda əməkdaşlığın ikitərəfli formatı bizi, eləcə də tərəfdaşlarımızı qane edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti