Azərbaycan, Bakı, 15 aprel /Trend/
2015-ci ilin birinci rübündə Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artıb.
Bu dövrdə ÜDM-in 34,7 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 12,5 faizi tikintidə, 11,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,2 faizi informasiya və rabitə xidmətlərində, 16,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.