Azərbaycan, Bakı, 18 may /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda növbəti seminar keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə keçilmiş tədbirin məqsədi istehlakçıların hüquqlarının qorunması sahəsində istehlakçıları maarifləndirməkdir.
Tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı müxtəlif sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif bukletlər və yaddaş kitabçaları paylanmışdır.