...

“ABSHERON Hotel Group” əldə etdiyi nailiyyətləri açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2015 11:37 (UTC +04:00)
“ABSHERON Hotel Group” 2015-ci ilin birinci rübündə əldə etdiyi nailiyyətlərini açıqlayıb.
“ABSHERON Hotel Group” əldə etdiyi nailiyyətləri açıqladı

Azərbaycan, Bakı, 22 may /Trend/

"ABSHERON Hotel Group" 2015-ci ilin birinci rübündə əldə etdiyi nailiyyətlərini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "ABSHERON Hotel Group" şirkəti 2015-ci ilin birinci rübü ərzindəki fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri açıqlayıb. Bu dövr "Park Chalet Şahdağ" hotelinin açılışı, "Şahdağ" turizm kompleksində ikinci qış mövsümünün yekunlaşması, şirkətin dörd hotelinin "Autograph Collection" sırasına qoşulması barədə razılığın imzalanması və Azərbaycan Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın nəticəsi olaraq 5 saylı Bakı Peşə Liseyində Peşəkar Qonaqpərvərlik bölməsinin açılması kimi hadisələrlə yadda qalıb.

"Park Chalet Şahdağ" hoteli bu ilin yanvar ayında açıldıqdan sonra 2013-cü ilin dekabr ayından uğurla fəaliyyət göstərən "Pik Palace Şahdağ" hoteli ilə birgə möhtəşəm qış mövsümü keçirib. Hotellərin peşəkar heyətinin bu mövsümə olan başlıca hədəfi müstəsna xidmət göstərilməsini davam etdirmək, təyinat nöqtəsi olaraq Şahdağı seçmiş yerli və xarici qonaqların gözləntilərini üstələmək olub. Xizəkçilərə ümumi uzunluğu 16,8 km olan əlavə altı xizək yamacından faydalanmağa imkan verəcək yeni qaldırıcı şəbəkənin təqdim olunması; buz meydançasının yerləşdiyi Şahdağ Mərkəzi meydanında tikinti işlərinin tamamlanması; Azərbaycanda ilk "Buz barı" ("Ice Bar") da daxil olmaqla beş yeni bar və restoranın fəaliyyətə başlaması və turizm kompleksinin infrastrukturunun dövlət tərəfindən davamlı inkişaf etdirilməsi ilə bağlı görülən bu kimi digər işlərin nəticəsi olaraq hotel ziyarətçilərinin sayında artım müşahidə olunub. "Şahdağ" kompleksinin administrasiyasının verdiyi məlumata əsasən, turizm kompleksinin fəaliyyətə başladığı ilk 2011-2012 mövsümündə 50 min və ötən mövsümdə 80 min turist ziyarəti qeydə alınıb ki, bununla müqayisədə builki göstərici 90 min olub.

"Şahdağın beynəlxalq turizm obyekti kimi inkişafı hələ ilk mərhələdədir. Hazırda ziyarətçilərin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Bu çox müsbət bir haldır. Ölkədə yaradılmış möhtəşəm şərait sayəsində Azərbaycan vətəndaşlarının xizəklə sürüşmək üçün xaricə getmələrinə ehtiyac qalmır. Ancaq ümid edirəm ki, gələcəkdə xarici qonaqların sayı da çoxalacaq", - deyə "Park Chalet" hotelinin 2015-ci ilin yanvarında keçirilmiş açılış mərasimində çıxış edərək Prezident İlham Əliyev bildirib. Prezidentin öz nitqi zamanı verdiyi göstərişlərə əsasən, gələn mövsümlərdə əsas diqqət Şahdağ administrasiyası və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ" qış-yay turizm kompleksi barədə daha çox beynəlxalq səviyyədə məlumatlandırma işlərini həyata keçirərək qonşu ölkələrdən daha çox xarici turistlərin cəlb olunması, o cümlədən adi günlərdə gələn ziyarətçilərin sayının artırılmasına yönəldiləcək.

Uğurlu qış mövsümünün ardınca "Pik Palace" və "Park Chalet Şahdağ" hotelləri 2015-ci ilin aprel ayından etibarən mövsümü bağlı elan edib. "Pik Palace" və "Park Chalet" bu ilin dekabr ayından etibarən iki il ərzində qazanılmış təcrübə, o cümlədən ziyarətçilərin rəyləri əsasında hazırlanacaq həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş yeni əyləncə və istirahət proqramları ilə qonaqların xidmətində olacaq.

Keçən rübün daha bir yaddaqalan hadisəsi 2014-cü ilin dekabr ayında "ABSHERON Hotel Group"un "Pik Palace" və "Park Chalet Şahdağ" hotellərinin "Marriott" brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks hotel və kurortların cəmləşdiyi "Autograph Collection"un rəsmi üzvü olmaları xəbəri idi. Bakının mərkəzində yerləşəcək və yaxın zamanlarda açılacaq 818 otaqlı "Boulervard" və 150 otaqlı "Intourist" hotelləri də bu ilin may ayında "Autograph Collection"a qoşulacaq. Bu cür dünyaca tanınmış bir brendlə əməkdaşlıq barədə strateji qərar "ABSHERON Hotel Group"un Azərbaycanda keyfiyyəti, orijinallığı ilə dünya hotel standartlarına cavab verən və günümüzdə istənilən səyahətçidə əvəzolunmaz təəssürat formalaşdıracaq milli hotellər qrupunu yaratmaq istəyinin əyani sübutudur.

Qarşıya qoyulmuş məqsədə çatmaq və uzunmüddətli dövrü nəzərdə tutaraq yüksək keyfiyyətli xidmətlər təklif etmək üçün "ABSHERON Hotel Group" əsas diqqətini hotellərin işçi heyətinin əsas hissəsini təşkil edən başlanğıc səviyyə də daxil olmaqla bütün səviyyələrə uyğun yerli mütəxəssislərin hazırlanmasına yönəldib. "Hazırda bizim Şahdağdakı hotellərimizdə 370 nəfər işçi çalışır ki, bunların 80%-i Qusar rayonundandır. 2013-cü ildə keçirilmiş ilk açıq karyera günündə iştirak edərkən əsas iştirakçıların hotel sektorunda heç bir təcrübəsi olmayan sürücü, mühəndis və təhlükəsizlik işçilərinin olması məni təəccübləndirmişdi. Məhz bu, milli hotel sənayesi üçün "peşəkar tədris təlimi"nin hazırlanması və həyata keçirilməsi ideyasına təkan verdi", - deyə "ABSHERON Hotel Goup"un icraçı direktoru Mark Ehler aprel ayında Təhsil Nazirliyi ilə birgə 5 saylı Peşə Liseyində həyata keçirilən "Peşəkar təhsil təlimi"ndə bildirib. Sözügedən təlimlər əsasən hotel sənayesində tələb olunan praktiki bacarıqların inkişafına yönəlib. "Biz "ABSHERON Hotel Group"u olaraq inanırıq ki, hotel sənayesində uğurun əldə olunması üçün insanların yanaşması onların texniki bacarıqlarından daha önəmlidir. Bizim başlıca məqsədimiz düzgün xidmət yanaşmasına və şəxsi əxlaqi keyfiyyətlərə malik insanları seçərək peşəkar təlimlər vasitəsilə onlara işlərində tələb olunacaq və hotel sektorunda uğurlu karyera qurmağa yardımçı olacaq praktiki biliklərin öyrədilməsidir", - deyə Mark Ehler vurğulayıb.

"ABSHERON Hotel Group" dəyərli həmkarlarını, müştərilərini və biznes tərəfdaşlarına himayədarlıq və daimi dəstəyə görə təşəkkür edir və səbirsizliklə Bakıda, iyun ayında birinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərdə yerləşəcək "Boulevard" və "Intourist" hotellərinin açılışını gözləyir.

"ABSHERON Hotel Group"
"ABSHERON Hotel Group" Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı "ABSHERON Hotel Group"un təsis olunmasını şərtləndirib və buna təkan verib. Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. "ABSHERON Hotel Group"un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

"Autograph Collection"
"Autograph Collection"un prizması Kolorado dağlarında 15 otaqlı butik hotellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli hotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq "Autograph Collection"un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanıb.

"Pik Palace Şahdağ" hoteli:
"Pik Palace Şahdağ" hoteli heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və Fransız eyvanlar kimi özəlliklər mövcuddur. Mərmərdən düzəlmiş enli hamam otaqları həm cütlüklərin, həm də ailələrin maksimum rahatlığı üçün ikili əl-üz yuyan, rahat vanna, duş kabinəsi və ayrı tualet sahələri ilə təchiz olunub. Bütün otaqlar ən müasir tələblərə cavab verir. "Pik Palace" hotelinin restoran, bar və istirahət guşələri sırasına "Chocolat Patisserie", "Alpina Brasserie and Wine Bar", "Fujisan Restaurant & Bar" və "Pik Lounge" daxildir. "Pik Palace Şahdağ" hoteli kiçik iclaslardan böyük konfranslara qədər müxtəlif görüşlərin, toyların keçirilməsi üçün "Jasmine" iclas zalını, həmçinin geniş giriş foye və bayır terrasına malik 700 kvadrat metrlik "Acacia" ziyafət zalını təqdim edir. "Pik Palace Şahdağ" hotelinin istirahət vasitələrinə müasir tələblərə cavab verən "The Club" idman zalı, sauna, qapalı üzgüçülük hovuzu, cakuzi, hamam otağı regionda yeganə olan açıq havada isidilən üzgüçülük hovuzu daxildir. Bizim təcrübəli terapevtlərimiz məşhur fransız brendi "Cinq Mondes" ilə birgə sakitləşdirici və bərpaedici üz və bədən müalicəsi, həmçinin aromaterapiya, masaj və digər SPA xidmətlərini təklif edir. Hotel əraziyə birbaşa xizəkla daxil olmaq və ərazidən çıxmaq imkanı, xizəklə sürüşməyə aid mağazanın xidmətlərini təklif edir. Daha ətraflı məlumat üçün: www.pikpalaceshahdag.com.

"Park Chalet" hoteli:
"Park Chalet" sadəlik və mənəviliyi, o cümlədən zərif sadəliyi və aktiv həyat tərzini, dizaynı, həmçinin servis və keyfiyyəti ilə bütün gözləntiləri üstələyir. Təklif etdiyi 164 geniş yataq otaqları, dağlara açılan gözəl mənzərəli lüks otaqlarla "Park Chalet Şahdağ" hoteli mükəmməl mühiti ilə seçilir. Hoteldə damda yerləşmiş "Aspen Grill Restaurant, Lounge and Bar", "Mocca Café", "The Club" fitnes mərkəzi, SPA və üç ədəd çox funksiyalı toplantı zalı fəaliyyət göstərir. Daha ətraflı məlumat üçün: www.parkchaletshahdag.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti