Bakı. Trend:
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Macarıstan xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında, eləcə də iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
H.Əsədov Macarıstanla Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və bu görüşün kənd təsərrüfatı sahəsində də əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd edib. Nazir Azərbaycanda kənd təsərrüfatında, xüsusilə də aqrar təhsil sahəsində aparılan islahatlar, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığı, laboratoriyaların müasir avadanlıqlarla təchizatı, tələbələrin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, yeni müasir tipli yataqxanaların inşası, tələbələrin bir çox xarici ölkələrdə təcrübə keçməsi barədə geniş məlumat verib.
Nazir Azərbaycanda macar iş adamları üçün əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, fitosanitar sahəsində hazırlanmış niyyət protokolunun imzalanmasının vacibliyini bildirib, ADAU ilə Macarıstanın Kapoşvar Universiteti arasında aqrar sahədə tələbə mübadiləsinin aparılmasını məqsədəuyğun hesab edib.
J.Çutora azərbaycanlı tələbələrin Macarıstanın aqrar universitetlərində təhsil alması və bu barədə müvafiq sənədlərin müzakirə olunub imzalanması üçün lazımi dəstək verəcəyini diqqətə çatdırıb.
Macarıstanın Azərbaycadakı səfiri İmre Laslotski iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.