...

Qırğızıstanda DYƏT-in Baş direktorlar Konfransının XXXI iclası keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2016 11:22 (UTC +04:00)
25-29 aprel tarixlərində Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan dövlətlərin dəmir yollarının Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclası keçirilir.
Qırğızıstanda DYƏT-in Baş direktorlar Konfransının XXXI iclası keçirilir (FOTO)

Bakı. Trend:

25-29 aprel tarixlərində Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan dövlətlərin dəmir yollarının Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclası keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbirdə DYƏT-in yük daşımaları, sərnişin daşımaları, infrastruktur və heyət tərkibi Komissiyalarının 2015-ci il üzrə fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika, maliyyə və hesablaşma məsələləri üzrə Daimi işçi qruplarının 2015-ci il üzrə fəaliyyətinin nəticələri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borcların ödənilmə mexanizmi, DYƏT-in 2015-ci ildə fəaliyyəti üzrə hesabatı, DYƏT-in 2017-ci və gələcək illər üçün fəaliyyət Proqramı, DYƏT-in 2016-cı il üçün son və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasına üzvlüyün ardıcıllığı, Baş direktorlar Konfransının XXXII iclasının keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunacaqdır.

DYƏT Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclasında "Azərbaycan Dəmir Yolları" QSC-ni Maliyyə İdarəsinin rəis müavini Azad Hüseynov, Beynəlxalq əlaqələr və Hüquq İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Angelina Şurqanova və Beynəlxalq əlaqələr və Hüquq İdarəsinin Hüquqi təminat şöbəsinin baş hüquqşünası Fuad Qasımzadədən ibarət nümayndə heyəti təmsil edəcək.

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır.

Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti