Bakı. Elçin Mehdiyev. Maksim Tsurkov - Trend:
Mili Məclis bu gün Vergi Məcəlləsində dəyişikliklər haqqında qanun layihəsini təsdiq edib.
Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, ölkə ərazisində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən alınan mallar ƏDV-dən azad ediləcək (Tax Free).
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziad Səmədzadə plenar iclasda bildirib ki, "Tax Free" sistemini tətbiq edilməsinin məqsədi əcnəbilərin Azərbaycanda mal və məhsullar almasının təşkil və təşviq edilməsi, turistlərin cəlb edilməsi və əmtəə dövriyyəsinin artırılmasıdır.
"Tax Free" imkanlarından istifadə etmək üçün bir elektron hesab-fakturası üzrə alınmış malların dəyəri 300 manatdan aşağı olmamalıdır (ƏDV nəzərə alınmaqla).
Azərbaycan vətəndaşları, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayanlar, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər və yaşı 14-dən aşağı olanlar "Tax Free" imkanından yararlana bilməz.
"Tax Free" bəzi mallara - aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil edilmir.