Bakı. Trend:
“Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə Vahid Rəqəmsal Platforma” Azərbaycanın bazar iştirakçıları üçün bərabər imkanlar təqdim edir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycanda tərəfdaşlıq və inkişafın maliyyələşdirilməsi üzrə əməkdaşı Ülviyyə Əkbərova “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə Vahid Rəqəmsal Platformanın” təqdimatı zamanı qeyd edib.
"ESG rəqəmsal platforması yalnız idarəetmə və nəzarət aləti deyil, eyni zamanda müəssisələrin gündəlik fəaliyyətinə dayanıqlı praktikaların inteqrasiyası üçün güclü bir resursdur. Bu platforma şirkətlərə ən yaxşı praktikalar haqqında aktual məlumatlara, eləcə də ekoloji, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində öz nailiyyətlərini qiymətləndirmək üçün analitik alətlərə çıxış imkanı verir. Əsas məqam, real vaxt rejimində monitorinq və hesabat vermə imkanının olmasıdır ki, bu da şirkətlərin strategiyalarını sürətlə düzəltməyə və maraqlı tərəflərin tələblərinə və gözləntilərinə operativ reaksiya verməyə imkan tanıyır. Bu, öz növbəsində, şirkətlərin fəaliyyətinin şəffaflığını artırır və bizneslə cəmiyyət arasında etimad yaradır", - deyə o vurğulayıb.
O əlavə edib ki, platforma inklüzivlik və müxtəlifliyin təşviqində də mühüm rol oynayır, bazar iştirakçıları üçün bərabər imkanlar təqdim edir.
"Belə bir platformanın yaradılması dövlət, özəl sektor və bütün cəmiyyətin birgə səylərini tələb edir. Lakin bu səylərin nəticələri yalnız iqtisadi mənzərəni deyil, eyni zamanda dünyanı daha ədalətli, yaşıl və inklüziv edərək hər birimizin gündəlik həyatını köklü şəkildə dəyişdirə bilər", - deyə o əlavə edib.