Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ ölklərinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi forumda iqtisadiyyat nazirinin müavini Anar Axundov, Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Məhəmməd bin Hassan Al Malki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyinin İqtisadiyyat və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi, KƏŞ Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas, aidiyyəti qurumaların rəhbərləri və sahibkarlar iştirak ediblər.
Forumda təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və investisiya imkanlarının səmərəli reallaşdırılması baxımından önəm kəsb edir. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində təşəbbüslər regional sabitlik və rifaha əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycan və KƏŞ ölkələri arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir.
Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını davamlı olaraq artırır. Bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla uğurlu birgə layihələr həyata keçirilir.
Biznes forum çərçivəsində təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonra AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunmasının dəstəklənməsi, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkil edilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.
xxx
10:44
Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb.
Trend xəbər verir ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Fars körfəzi ölkələrinin Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.
Forumda "bərpa olunan enerji mənbələri (BEM), təmiz enerji, elektrik enerjisi və su layihələri üzrə əməkdaşlıq", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərzaq sənayesi üzrə strateji tərəfdaşlıq" mövzularında panel müzakirələr aparılacaq.
Məruzəçilər arasında Azərbaycan və Qətər İqtisadiyyat Nazirliyinin rəhbərliyi, AZPROMO-nun icraçı direktoru, Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurasının müxtəlif strukturlarının nümayəndələri, enerji, nəqliyyat və aqrar sahələri üzrə fəaliyyət göstərən şirkətlərin ekspertləri var.
İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, son illərdə Azərbaycanla Fars körfəzi ölkələri arasında turizm əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafı müşahidə olunur.
"Azərbaycanın turizm infrastrukturunun inkişafı və turizmin təşviqi üçün atılan addımlar bu sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olub. Birbaşa uçuşların artması, viza prosedurlarının sadələşdirilməsi və bəzi ölkələr üçün vizasız rejimə keçid ümumilikdə turistlərin sayını artırır. Fars körfəzi ölkələrindən Azərbaycana səfər edənlərin sayı 50%-dən çox artıb", - o qeyd edib.
Bundan başqa, A.Axundov Azərbaycanın biznes mühitinin xarici investorlar üçün cəlbediciliyini vurğulayıb:
"Ölkə mühüm vergi güzəştləri təqdim edir ki, bu da bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika və rəqəmsallaşma kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinə şərait yaradır".
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tərəfdaşlarını və investorlarını dəstəkləməyə davam edir, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Qətər Ticarət və Sənaye Nazirliyinin katibi Məhəmməd bin Həsən Al Malki bildirib ki, Qətər ilə Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahələr arasında enerji, nəqliyyat, turizm və aqrosənaye var.
O, Azərbaycan və Fars körfəzi ölkələrində xalqların rifahının artmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd bin Həsən Al Malki Bakıda keçirilən bu forumun qeyd olunan sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
"Bu danışıqlar platforması təkcə tərəfdaşlığımızı sabitləşdirməyə deyil, həm də onu dəfələrlə artırmağa imkan verəcək. Əminəm ki, Bakıda aparılan danışıqlar zamanı əldə ediləcək razılaşmalar Azərbaycanla ticarətimizin səviyyəsini artıracaq", - o bildirib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, Azərbaycanda Fars körfəzi ölkələrindən olan yeni şirkətlər müsbət qarşılanacaq.
"Fars körfəzi ölkələri Azərbaycanın iqtisadiyyatına 4 milyard ABŞ dollarından çox investisiya yatırıb. Azərbaycanla Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsi 75 milyon dollar təşkil edib", - o bildirib.
Y.Abdullayev 2017-ci ildə Azərbaycan və Fars Körfəzi ölkələri arasında iqtisadi əməkdaşlıq üzrə ilk forumda "Masdar", "ACWA Power" kimi iri şirkətlərin Azərbaycanda layihələrə başladığını xatırladıb və onların Azərbaycanın strateji tərəfdaşları olduğunu vurğulayıb.
"İnanıram ki, bu gün keçirilən Forumdan sonra Azərbaycanın Fars körfəzi ölkələrinin şirkətləri ilə əməkdaşlığı daha da aktivləşəcək", - Y.Abdullayev qeyd edib.
O, Bakıda COP29 çərçivəsində biznes üçün ayrı panellərin təşkil olunacağını, bu panellərin iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcəyini bildirib və Fars körfəzi ölkələrinin şirkətlərini COP29 tədbirlərində iştirak etməyə dəvət edib.
Yusif Abdullayev Azərbaycanın İnvestisiya mühitinin xarici investisiyalar üçün əlverişli olduğunu və Fars körfəzi ölkələrindən yeni şirkətlərin ölkədə müsbət qarşılanacağını da vurğulayıb.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycanın tranzit mərkəzinə çevrilməsi Fars körfəzi dövlətləri ilə münasibətləri gücləndirəcək.
"Ölkəmizin artan nəqliyyat və tranzit imkanları, habelə bu sahədə həyata keçirilən regional və beynəlxalq layihələr, xüsusilə Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu yeni perspektivlər açır. 2022-2026-cı illər üçün Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas məqsədlərindən biri Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi və yükdaşımalarla logistika əməliyyatlarının genişləndirilməsidir ki, bu da Fars körfəzi dövlətləri ilə əməkdaşlıq üçün daha çox imkanlar yaradacaq", - A.Axundov bildirib.
Nazir müavini Azərbaycanın BƏƏ-dən sonra COP29-un növbəti təşkilatçı ölkəsi seçilməsinin Əmirliklərin təcrübəsindən faydalanmaq və əməkdaşlığı gücləndirmək üçün əla imkan yaratdığını vurğulayıb.
“COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərindəki aktiv rolunu önə çıxarır. Bu mühüm tədbirdə sizi Bakıda görməkdən məmnun olaram”, - A.Axundov əlavə edib.
Oman Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Faisal bin Abdullah Al- Ravas bildirib ki, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) ölkələrinin şirkətləri Azərbaycanda bizneslə məşğul olmağa maraq göstərirlər.
"Bir çox şirkət qida təhlükəsizliyi, logistika və sənaye kimi sahələrə maraq göstərir. Dünən biz azad iqtisadi zona ilə tanış olduq və biznesi dəstəkləyən tədbirlər barədə məlumat aldıq. Fars körfəzi ölkələrinin şirkət sahibləri bu stimulları çox müsbət qiymətləndirdilər və ümid edirik ki, investisiyalar tezliklə özünü göstərəcək", - o bildirib.
Faisal bin Abdullah Al-Ravas, həmçinin, bu gün Fars körfəzi ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş qarşılıqlı Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
"Azərbaycanda inkişaf etmək bizim üçün perspektivli gələcək açır və biz əlavə investisiyaların cəlb edilməsinə çalışırıq ", - o əlavə edib.