Bakı. Trend:
Şirkətlər üçün ən böyük risk innovasiyalara açıq olmamaları və status-kvonu qorumaq istəkləridir.
Trend xəbər verir ki, bu barədə “PAŞA Holding”in baş direktoru Cəlal Qasımov Bakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
Cəlal Qasımov müasir şəraitdə risklərin idarə edilməsi və sürətli dəyişikliklərə uyğunlaşmanın vacibliyini vurğulayıb.
“Şirkətlər üçün ən böyük risk innovasiyalara açıq olmamaları və status-kvonu qorumaq istəkləridir. Riskli qərarlar barədə danışarkən, müzakirə etdiyimiz ilk suallardan biri budur ki, ən böyük risk hər hansı bir addım atmamaqdır. Əgər riskə getmirsinizsə, yeniliklər tətbiq etmirsinizsə, elə bu, ən böyük riskdir”, - C.Qasımov bildirib.
Onun sözlərinə görə, sürətlə dəyişən texnologiyalar, kanallar və müştəri tələbləri şəraitində şirkətlər daim uyğunlaşmalı və iş yanaşmalarını yeniləməlidir.
“Əgər 5-10 il əvvəlki marketinq büdcələrinə baxsaq, görərik ki, onların içində rəqəmsal marketinqin payı xeyli aşağı idi. İndi bu göstərici artır və əgər yanaşmalarınızı dəyişdirməsəniz, qaçılmaz olaraq uğursuz olacaqsınız”, - o qeyd edib.
Qasımov onu da vurğulayıb ki, innovasiyalara nəzarət və nizam-intizam olmalıdır.
“Gələcəkdə liderlər sürətli dəyişikliklər nəticəsində yaranan xaosu idarə etmək bacarığına malik olmalıdır, bu isə yeni şəraitə uğurla uyğunlaşmaq üçün lazım olan müəyyən bacarıq və biliklər tələb edir”, - baş icraçı direktor əlavə edib.