Bakı. Trend:
Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi 2030-cu ilə qədər Kiçik və Orta Biznesin İnkişafına Dəstək Proqramını hazırlayır.
Trend xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyinin biznes mühiti siyasəti departamentinin sahibkarlığın inkişafı şöbəsinin aparıcı mütəxəssisi Akim Nəsirov “Asiyada Kiçik və Orta Biznesin Monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı bildirib.
“Bu gün, qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən çağırışlar şəraitində, iqtisadiyyatın dayağı sayılan KOB birgə və əlaqələndirilmiş addımların atılmasını tələb edən yeni çətinliklərlə üzləşir.
Qırğızıstanda məşğulluğun 80 faizindən çox, ölkə ÜDM-nin isə 40 faizindən çoxu məhz KOB payına düşür,” –deyə o bildirib.
Onun sözlərinə görə, inklüziv və dayanıqlı iqtisadi inkişaf üçün sabitlik və artım böyük önəm kəsb edir.
