...

AZERSU SƏHMDAR CƏMİYYƏTİ VƏ FRANSANIN OTI ŞİRKƏTİ ARASINDA RAZILAŞMA İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 17:23 (UTC +04:00)

İyulun 27-də Bakı şəhərində "Azərsu" Səhmdar Cəmiyyəti və Fransanın OTI SA şirkəti arasında Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xəttlərinin yenidənqurulması və genişləndirilməsi layihəsi üzrə (Hövsan laiyhəsi) Müqavilə imzalanıb.

Trend in məlumatına görə, sənədi Azərbaycan tərəfdən "Azərsu" SC-nin prezidenti Oktay Əsədov, Fransa tərəfdən isə OTI SA şirkətinin prezidenti Jan Mişel Ervin imzalayıb.

Mərasimdə çıxış edən O.Əsədov bildirib ki, Bakı şəhərinin kanalizasiya sistemi 1934-cü ildən istismardadır və yenidən qurulmağa və yeniləşməyə ehtiyacı var.

2002-2004-cü illərdə Bakı şəhərində 10 min metr uzunluğunda kanalizasiya xəttinin çəkilməsinə baxmayaraq, vəsaitin çatışmamazlığı üzündən bir sıra əhəmiyyətli işlər yarımçıq qalıb.

Fransa hökumətinin Azərobaycanın kanalizasiya sisteminin və Bakı şəhərinin ekologiyasını yaxşılaşdırmaq üçün ayırdığı kreditin dəyəri 35 milyon avro təşkil edir və onun reallaşdırılması müddəti 5 ildir.

Fransa hökuməti məhz OTI SA şirkətini investisiya nöqteyi-nəzərindən sərfəli şərtlər irəli sürən şirkət kimi seçib.

Layihənin dəyəri 43,95 milyon avrodur, Burada Azərbaycanın payı 8,95 milyon avro təşkil edir.

"Hövsan layihəsi Azərbaycanın kanalizasiya sistemi ilə əlaqədar həyata keçirilən ilk beynəlxalq investisiya layihəsidir"-deyə O.Əsədov qeyd edib.

İmzalanma mərasimində həmçinin iqtisadi inkişaf naziri Fərhad Əliyev, Fransanın Azərbaycandakı səfiri Rolan Blatman və hökumətin digər rəsmi şəxsləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti