2006-cı ilin birinci yarısında "Azərdəmiryolbank"-ın aktiv plastik kartlarının ümumi sayı 45% artaraq 1 iyul vəziyyətinə 10 430 ədəd təşkil edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Kart emissiyasının artımı, əsasən, ümumi sayı 3 730-a çatan Iisa International ödəniş sisteminin kartları hesabına baş verib. Eyni zamanda bankın müştərilərinin çoxu Mastercard International sisteminin kartlarından istifadə edir. 1 iyul vəziyyətinə bu kartların sayı 6,7 min ədədə çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə "Azərdəmiryolbank"-ın plastik kartlar üzrə dövriyyəsi də xeyli artıb. Beləliklə, ABŞ dolları ilə bu göstərici 2,55 mln.-dan çox (+15,7%), avro ilə 269,7 min (+70,2%) və manatla 1,29 mln. AZN (+58,9%) təşkil edib.
İlin birinci yarısında bankın plastik kartlar üzrə ayırdığı kredit xətlərinin məbləği $5,4 mln. və 178,3 min avro olub ki, bu da 2005-ci ilin analoji dövrünün göstəricisindən müvafiq olaraq 47% və 13% çoxdur.