Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yanında maliyyə institutları üzrə qrupun bankiri Sardor Umurzakovun başçılıq etdliyi missiya üçgünlük səfərlə Bakıya gəlib. AYİB-in Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, səfərdə əsas məqsəd Avropa bankı ilə Azərbaycanın "UniBank" kommersiya bankı arasında kredit sazişinin imzalanmasıdır. İmzalanma mərasimi sentyabrın 7-nə planlaşdırılıb.
"UniBank"a $7,5 mln. dəyərində sindikatlaşdırılmış kredit ayrılacaq. Adıçəkilən sindikatlaşdırmada AYİB-in payı $2,5 mln. (üç illiyə) təşkil edir. Kreditin $5 mln. dəyərində ikinci hissəsi sindikatlaşdırmanın digər iştirakçıları tərəfindən maliyyəşdiriləcək. Kredit vəsaitləri kiçik və orta sahibkarlığın inkişafına sərf olunacaq.
AYİB missiyası həmçinin işlədiyi banklarla görüşlər keçirəcək. 2006-cı ildə Avropa bankı Azərbaycanın bank sektoruna investisiyaların həcmini iki dəfə, yəni $60-70 mln.-dək artırmaq niyyətində olduğunu bəyan edib. AYİB-in sonuncu illik iclası çərçivəsində isə beş banka - "Azəriqazbank", "Azərdəmiryolbank", "Bank of Baku", "UniBank" və "Respublika" bankına kredit xətlərinin ayrılması barədə sənəd imzalanıb.