...

BVF-nin missiya başçısı: Azərbaycanda bankların kapitalı möhkəmlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2006 17:06 (UTC +04:00)

Trend in BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə Departamentinin direktor müavini Vitali Kramarenko ilə eksklüziv müsahibəsi

- Azərbaycana səfər çərçivəsində Siz hökümətlə görüşlər keçirdiniz, makroiqtisadi vəziyyət və maliyyə sektorunun vəziyyəti ilə tanış oldunuz. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün ölkəyə maliyyə bazarını liberallaşdırmaq tövsiyyə olunur. Siz ölkənin bank və sığorta sisteminin vəziyyətini necə qiymətləndirirsiniz?

- Biz hesab edirik ki, maliyyə bazarını liberallaşdırmaq lazımdır. Halbuki bu bazar mal və xidmətlərlə deyil, pul kütlələrinin hərəkəti və sərmayələrlə əlaqədar olan kapital hesablar üzrə bir çox əməliyyatlar baxımından artıq kifayət qədər liberallaşdırılıb. Qeyri-rezidentlər üçün Azərbaycandakı bazar, demək olar ki, liberallaşdırılıb, lakin rezidentlər üçün müəyyən məhdudiyyətlər mövcuddur və biz hesab edirik ki, bu məhdudiyyətlər tədricən aradan qaldırılmalıdırlar.

Əgər müşahidə orqanlarında prudensial normalar xeyli yaxşılaşsa, o zaman liberallaşma sürətlənə bilər. Azərbaycan rezidentlərinin xaricdə səymayə qoymaları və bunun üçün Milli Bankdan icazə almaq zərurətinin olmaması üçün biz Milli Bankın ödəniş balansının kapital hesabının liberallaşdırılmasına doğru irəliləməsini dəstəkləyirik. Bu, özəl şəxslər və iri müəssisələr üçün və müəyyən mənada sığorta şirkətləri üçün də xüsusilə əhəmiyyətlidir.

- Sizcə, Azərbaycanın bank sistemi nə dərəcədə sabitdir?

- Milli Bankda görüş zamanı biz rəsmi məlumatları müzakirə etdik və indi bəzi göstəricilər üzrə yaxşılaşmanın olduğunu müşahidə edirik, yəni bankların kapitalı möhkəmlənir. Lakin son zamanlar bankların portfelində xidmət olunmayan kreditlər bir qədər artıb (2005-ci ilin dekabr ayı ilə müqayisədə 2006-cı ilin iyul ayında). Və biz bunu Milli Bankın nəzərinə çatdırdıq. Hələ artım rəqəmi kiçikdir (1 və ya 2 bənd), lakin artım tendensiyasının özü bu hadisələri daha da ehtiyatla müşahidə etmək zərurəti yaradır, çünki kreditlər çox sürətlə artır. Ona görə də diqqət etmək lazımdır ki, banklar bu cür sürətli artımla əsassız risklər götürməsinlər.

Bu o zaman baş verir ki , kredit qoyuluşları sürətlə artır və banklar böyük risklər götürür, müvafiq olaraq da, xidmət olunmayan kreditlər artmağa başlayır. Azərbaycanda bu, hələ narahatçılıq yaradacaq proporsiyalara çatmayıb, lakin bunun irəliləməməsi üçün dinamikaya nəzarət olunmalıdır. Hazırda bu göstərici böhran nöqtəsini keçməyib, sadəcə olaraq bizi dinamikanın özü narahat edir - artıq aşağı səviyyədən artım başlayıb.

- Siz bütün neft gəlirlərinin Dövlət Neft Fonduna (ARDNF) köçürülməsi zərurəti haqqında Azərbaycan hökümətinə tövsiyyələrin verildiyini qeyd etdiniz. Neft gəlirlərinin daxil olması ilə əlaqədar ölkədəki vəziyyətlə tanış olduqdan sonra "Azəri-Çıraq-Günəşli" layihəsinin gəlir vergisinin dövlət büdcəsinə keçirilməsinə dair hansı fikirdəsiniz?

- Biz hökümətə təklif etdik ki, öz gəlirlərini neftin qiymətinin və valyuta məzənnəsinin təsirindən təcrid etsin və ABƏŞ-in gəlir vergisi də daxil olmaqla, bütün neft gəlirlərini Neft Fonduna köçürsün. ARDNF isə məzənnədən və neftin qiymətindən asılı olmayaraq, bu vəsaitləri saxlayacaq. Hökümət bu tədbiri maraqla nəzərdən keçirir, lakin hələ bizə dəqiq fikir bildirilməyib. Biz bütün valyuta daxilolmalarını ARDNF-yə verməyi təklif etdik, çünki bu, neft sərvəti ilə əlaqədardır.

- Dövlət büdcəsinin orta və uzunmüddətli proqnozlaşdırılmasının hazırlanması üzrə Sizin hökümətə verdiyiniz təkliflərin mahiyyəti nədən ibarətdir?

- Bu, investisiya proqramı üzrə milli prioritetləri göstərmək, sərmayələrin həyata keçirilmə istiqamətlərini və sərmayələrin qoyulmasının səmərələliyini müəyyən etmək, müəyyən proqramların başlandığı və sona çatdırıldığını göstərmək üçün çox mühümdür. Bir çox sərmayələr bir neçə il davam edir. Ona görə də daha uzunmüddətli proqram üzərində işləmək lazımdır.

Hökümət əsas göstəricilərin büdcəsini hazırlayır, biz isə əsas layihələr və onların 3-5 il ərzində necə maliyyələşdiriləcəyi barədə paket hazırlanmasını təklif edirik. Bu, ona görədir ki, parlamentdə təkcə xərclərin ümumi zərfi haqqında deyil, həm də əsas prioritetlər, 3-5 il ərzində maliyyələşmə məsələləri barədə ətraflı məlumat olsun.

Xəbər lenti

Xəbər lenti