...

Azərbaycanın Hesablama palatası balıqçılıq sahəsinin xərcləri üzrə auditin yekunlarını müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 15:54 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası (AHP) 2004-2005-ci illərdə ölkənin dövlət büdcəsindən "Balıqçılıq sahəsinin xərcləri" köməkçi bölməsi üzrə ayrılan vəsaitlərin auditinin nəticələrini müzakirə edib. Trend AHP-yə istinadən xəbər verir ki, auditin keçirilməsinin əsas məqsədi maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını müəyyənləşdirməkdir.

Auditin keçirilməsi üçün əsas Hesablama Palatasının 2006-cı il üçün iş planı ilə yanaşı, "Rusiya Federasiyası Hesablama Palatası, Azərbaycan Respublikası Hesablama Palatası və Qazaxıstanın Respublika büdcəsinə nəzarət üzrə Hesablama Komitəsi arasında Xəzər dənizində bioloji su resurslarından istifadənin səmərəliliyi, habelə nərə balıq növlərinin mühafizəsi, qorunması, bərpası və rasional istifadəsinə yönəldilən vəsaitlərdən istifadənin səmərəliliyinin paralel yoxlanılması barədə" 5 sentyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış Qərar olub.

Bu qərara əsasən tərəflərdən hər biri Xəzər dənizinin öz milli bölmələrində müvafiq nəzarət tədbiri keçirməlidir.

Yoxlamanın nəticələri üzrə tərəflər müvafiq məlumatlar tərtib edəcək, nəticədə yekun sənəd hazırlayacaqlar.

Azərbaycan tərəfi Xəzər dənizində balıq ehtiyatlarının artıırılması, bərpası və istifadəsinin normativ hüquqi bazası, onun beynəlxalq əqdlərə və təsərrüfatçılığın müasir sosial-iqtisadi şəraitinə uyğunluğu, nərə balıqartırma müəssisələrinin təsərrüfat dövriyyəsində olan dövlət mülkiyyətinin istifadə olunması, nərə cinsli balıq növlərinin artırılması istiqamətində görülmüş işlər və onların nəticələri, nərə cinsli balıq ehtiyatlarının istifadəsi üçün icazə sənədlərinin rəsmiləşdirilməsi və verilməsinin təşkili, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunmasında daxili nəzarətin vəziyyəti və nəticələri üzrə audit keçirməli idi.

Audit Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Departamentində aparılıb və müəyyən edilib ki, dövlət büdcəsindən balıqçılıq sahəsinə 2004-cü ildə 1,2 milyard AZN, 2005-ci ildə 1,8 milyard AZN məbləğində yönəldilən vəsait əsasən mərkəzləşdirilmiş xərclərdən ibarət olub və təyinatı üzrə istifadə olunub. Daxil olmuş xüsusi vəsaitlər üzrə xərclər 2004-cü ildə 222,5 milyon AZN, 2005-ci ildə 245,8 milyon AZN təşkil edib və əsasən balıq ehtiyatlarından istifadəyə görə ödəmələrdən ibarət olub. Hesablama palatası qeyd edib ki, ayrılan vəsaitlərin ümumilikdə balıqçılıq sahəsinin səmərəli fəaliyyət göstərməsi üçün kifayət etməməsi ilə yanaşı, nərə balıqartırma zavodlarında mövcud əmlakın vəziyyətində və istifadəsində, habelə nərə cinsli balıq ehtiyatlarının artırılması və mühafizəsi işinin təşkilində də müəyyən problemlər mövcuddur. Belə ki, ölkədə fəaliyyət göstərən dörd nərə balıqartırma zavodundan üçü (Kür-Təcrübi, Kür-Ağzı və Əli-Bayramlı NBZ) ötən əsrin
50-ci illərindən istifadədədir, texnoloji proseslər köhnəlib, avadanlıqların əksər hissəsi aşınıb, həm uzunmüddətli istismar, həm də təbii fəlakətlər nəticəsində zavodların hazırki istehsal imkanları xeyli aşağı düşüb. Həmin zavodlarda 2005-ci ildə cəmi 68,5 milyon AZN dəyərində təmir işləri aparılıb. Dünya Bankının Azərbaycan Respublikasına ayrılmış krediti hesabına 6,7 milyon ABŞ dolları xərclənərək layihə istehsal gücü ildə 15 miyon ədəd nərə cinsli balıq körpəsi buraxılışı olan Xıllı Nərə balıqartırma zavodu inşa edilib və 2004-cü ildən fəaliyyət göstərir.

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Departamentindən təqdim olunmuş məlumatlara əsasən, görülmüş işlər nəticəsində Azərbaycan Respublikasının nərə balıqartırma zavodları tərəfindən 2004-cü ildə 19,9 milyon, 2005-ci ildə 16,9 milyon, 2006-cı ildə isə 15,9 milyon ədəd balıq körpələrinin Kür çayı vasitəsi ilə Xəzər dənizinə buraxılışı təmin edilib.

AHP məlumat verir ki, nərə balıqlarının artırılması və mühafizəsi üzrə keçirilmiş auditin yekunlarının müzakirəsi EUROSAİ-nin 2007-ci ildə keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti