...

I rüb ərzində "Rabitəbank"ın mənfəəti təxminən 60% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2007 14:37 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend / "Rabitəbank" ASC 2007-ci ilin birinci rübünü yüksək maliyyə göstəriciləri və mühüm hadisələrlə başa vurub. Bu barədə bankın məlumatında bildirilib.

Yanvar-mart aylarının maliyyə yekunlarına əsasən, bankın aktivləri ilin əvvəli ilə müqayisədə 11% və ya  4,9 mln. manat artaraq 49,2 mln manat təşkil edib. Bu müddət ərzində müştərilərə ayrılmış kreditlərin həcmi 31,64 mln. manat təşkil edib ki, bu da həmin göstəricinin ilin əvvəlinə nisbətən 6,3 % və ya 1,88 mln. manat artımı deməkdir.

Bankın depozit portfelinin həcmi ilin əvvəlinə müvafiq göstəricisi ilə müqayisədə 13,7% və ya 4,4 mln. manat artaraq 36,62 mln. manata çatıb. Depozitlərin strukturunda müddətli depozitlərin həcmi 16,67 mln. manat olmuş və müddətli depozitlər ilin əvvəlinə nisbətən 25% artmışdır. Bankın məcmu kapitalı 31 mart 2007-ci il tarixinə 11,58 mln. manat təşkil edib.

İlin ilk rübü üzrə bankın xalis mənfəəti 2006-cı ilin analoji göstəricisi ilə müqayisədə 57,5% və ya 112,5 min manat artaraq hesabat dövrü üçün 307,8 min manat təşkil edib.

Bu müddətdə "Rabitəbank" ASC-nin 4-ü Bakı şəhərində, digər 8-i isə regionlarda olmaqla 12 filialı fəaliyyət göstərib.

"Rabitəbank" 2007-ci ilin birinci rübünü uğurlu maliyyə göstəriciləri ilə başa vurmaqla yanaşı, bu dövr ərzində strateji inkişafi üçün mühüm əhəmiyyət kəsb edən layihələrə də başlayib, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını daha da genişləndirib. Martin 15-də "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) növbəti kredit xəttinin cəlb olunmasına dair kredit müqaviləsi imzalayıb. Kreditin şərtlərinə əsasən, 2 milyon dollarliq kredit vəsaitləri Azərbaycanda orta, kiçik və mikro sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək. Eyni zamanda IFC tərəfindən "Rabitəbank" ASC-nin 10%-dən 20%-dək səhmlərinin alınmasını nəzərdə tutan müqavilə imzalanıb.

Hazırda "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Bankı (ISDB) kimi nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir və həmin institutlar tərəfindən banka ayrılan kredit xətlərinin ümumi məbləği 8,3 mln. ABŞ dolları təşkil edir.

Xəbər lenti

Xəbər lenti