Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir Ü.İsmayılova, E.İsmayılov/ "Qaradağ-Səngəçal" terminalı xam neftin Azərbaycandan tranzitlə dünya bazarlarına çıxarılmasında vacib rol oynayacaq. Bu barədə şənbə günü "Azersun" holdinqinin rəhbəri Abdolbari Gözəl məlumat verib.
"Dübəndi terminalının əhəmiyyəti azalmayacaq. Belə ki, şəffaf neft məhsullarını bu terminaldan keçirmək planlaşdırılır", - Gözəl bildirib. Dübəni terminalı Bakı-Novorossiysk boru kəmərinə bilavasitə çıxışa malikdir ki, bu da onun əhəmiyyətini artırır. "Buna görə də bu terminal fəaliyyət göstərəcək", - Gözəl bildirib.
Yanvar-apreldə Middle East Petrol şirkətinin idarə etdiyi "Dübəndi" neft terminalından 1,5 mln. ton neft yüklənib. İlin sonunadək "Dübəndi" vasitəsilə Qazaxıstan və Türkmənistandan 4 mln. ton həcmində neft və neft məhsullarının aşırılması planlaşdırılıb.
Dübəndi limanının gücü ildə 10 mln. ton, çən parkının həcmi - 340 min ton, Bakı-Novorossiysk boru kəməri ilə birləşmə - ildə 5 mln. ton, dəmir yolu ilə illik göndərmənin həcmi 10 mln. tondur.
Terminalın azad istehsal gücü ildə Bakı-Novorossiysk magistral neft kəməri ilə ildə 5 mln. ton, dəmir yolu üzrə Gürcüstanın Qara dəniz limanlarına isə ildə 2,3 mln. ton neft aşırmaq və nəqletmək imkanı verir.
Səngəçal-Qaradağ terminalının tikintisi artıq başlayıb. Layihənin reallaşdırılmasının birinci mərhələsinə $40 mln. sərf etmək planlaşdırılıb. Ümumilikdə layihənin reallaşdırılmasına $135 mln. sərf etmək nəzərdə tutulur. Layihənin əsas operatoru kimi "Qafqaztransservis" şirkəti (Azersun Holding qrupuna daxildir) çıxış edir. Qaradağ terminalı məhdud növ, lakin böyük həcmdə məhsulların (kondensat və neft) qəbuluna hesablanıb.
Bu terminal vasitəsilə Kaşağan yatağından xam neftin qəbulu nəzərdə tutulur. Neft Qara dəniz sahilindəki terminallara və Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına nəql ediləcək.
Terminalın birinci mərhələsinin tikintisi 18-20 aya başa çatacaq. İkinci mərhələnin başa çatması daşınmaların həcmindən asılıdır. Birinci mərhələdə terminalın aşırma gücü ildə 12 mln. ton neft həcmində, ikinci mərhələdə isə ildə 20 mln. ton həcmində planlaşdırılır.
2009-cu ildə Qaradağ-Səngəçal terminalının müəyyən obyektlərinin tikintisi başa çatacaq. Terminalın saxlama gücü 200 min kubmetrdir. Bu həcmin 600 min kubmetrədək genişləndirilməsi gözlənilir. Layihənin ikinci və üçüncü fazasının reallaşdırılması nəticəsində, 2011-ci ildən sonra aşırma gücü ildə 45 mln. ton neftə çatacaq. Layihənin birinci fazasını 2010-cu ildə reallaşdırmaq planlaşdırılır.
"Azersun Holding" MMC 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələrinə çayın, bitki yağının emalı və qablaşdırılması, ticarət və distribüterlik, tikinti, bank işi, sığorta, karton-kağız məmulatlarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması və saxlanılması və s. daxildir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]