Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir E.İsmayılov/ Bazar ertəsi Qori şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində Qazaxıstandan Gürcüstan ərazisi vasitəsilə tranzitlə Batumi limanına nəql edilən neftlə dolu 14 sistern zədələnib, - bazar ertəsi neft daşımaları regional bazarındakı mənbə məlumat verib. Qatarın tərkibi 34 sisterndən ibarət olub.
"Partlayış nəticəsində tranzit neft xammalı yerləşən 14 sistern zədələnib", - mənbə bildirib.
Qori şəhərinin rəhbərliyindən bildiriblər ki, partlayış üç gün əvvəl Rusiya qoşunları getməzdən əvvəl Skra hərbi bazasında quraşdırdıqları minanın partlaması nəticəsində olub. Partlayış nəticəsində qəlpələr yaxınlıqda dayanmış qatara dəyib.
Qrakali kəndində Rusiya hərbçilər körpünü partlatdıqdan sonra qatar dayanmağa məcbur olub. Körpünün partladılması nəticəsində Qərbi və Şimali Gürcüstan arasında dəmir yolu nəqliyyatı kəsilib.
Regional və yerli kütləvi informasiya vasitələrində sisternlərin Azərbaycanın "Azpetrol" şirkətinə məxsus olması barədə informasiya yayılıb. "Azpetrol"dan Trend -a deyiblər ki, bu məsələnin şirkətə aidiyyatı yoxdur. "Azərtrans" nəqliyyat şirkətində isə şərh verməkdən imtina ediblər.