...

Bakıda Azərbaycan və Türkmənistanın neft - qaz potensialı üzrə konfrans keçirilir

Energetika Materials 9 Sentyabr 2008 16:18 (UTC +04:00)
Bakıda Azərbaycan və Türkmənistanın neft - qaz potensialı üzrə konfrans keçirilir

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend / Çərşənbə axşamı Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası" beynəlxalq konfransı öz işinə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarına təbrik ünvanlayıb.

Dövlət başçısının bu müraciətində konfransın yeni əməkdaşlıq mərhələsinə, hər iki ölkənin energetika sahəsində böyük təcrübəsi və zəngin potensialının öyrənilməsinə təkan olacağına ümid ifadə edilir.

"Əksər dünya ölkələrinin forumda iştirakı beynəlxalq səviyyədə böyük diqqətin nəticəsidir", - təbrikdə bildirilir.

"Hazırda Azərbaycanda dünya standartlarına uyğun böyük infrastruktur yaradılıb və biz maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlıq üçün bu imkanları təqdim etməyə hazırıq", - prezidentin müraciətində qeyd olunur.

Sentyabrın 10 - da öz işini başa çatdıracaq konfransda dünya energetikası inkişafının qlobal tendensiyaları, karbohidrogen ehtiyatlarının mənimsənilməsinin problem və perspektivləri, neft - qaz komplekslərinin, beynəlxalq və regional investisiya layihələrinin inkişafında regional əməkdaşlıq məsələləri, həmçinin, ekologiya, elm və təhsil məsələləri müzakirə ediləcək.

Konfransda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan, Türkmənistan, Türkiyənin energetika idarələrinin rəhbərləri iştirak edirlər.

Konfransın işində BP, Eni, "Şevron, "Şell", "Şlyumberje", "Özbəkneftqaz", "Türkmənqaz", "Total", "Transneft", "LUKoyl", "Konoko Filips", "KazMunayQaz", "Qaz de Frans", "Qazprom", "Bulqarqaz Holdinq", "Azfen" və sair bu kimi iri şirkətlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti