Azərbaycan, Bakı, 30 oktyabr/ Trend müxbir İ.Xəlilova/ Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökuməti ilə multitranş maliyyələşdirmə mexanizmi (MFF) çərçivəsində enerji əməkdaşlığı perspektivlərinin müzakirəsinə başlayıb, - AİB-in Bakı nümayəndəliyindən cümə axşamı bildiriblər.
"Bankın missiyasının bir müddət əvvəl Bakıya etdiyi səfər zamanı enerjinin generasiyası, distribüsiya və transmissiyası sahəsindəki layihələrin maliyyələşdirmə imkanları müzakirə edilib, - nümayəndəlikdən bildiriblər. - İki həftə ərzində bu layihələrin MFFF çərçivəsində realizəsinə dair bankın və hökumətin mövqeləri müəyyənləşəcək".
AİB prezidentinin noyabrın 20-də Bakıya qarşıdakı səfəri zamanı bu məsələnin nəzərdən keçiriləcəyi istisna edilmir. Asiya bankı multitranş paket çərçivəsində 200-500 mln. dollaradək vəsait ayıra bilər. Bu gün AİB-lə multitranş mexanizm çərçivəsində nəqliyyat layihələri realizə olunur ki, bank bunun üçün ümumilikdə 500 mln. dollar vəsait ayırmağı öhdəsinə götürüb.
AİB-in Direktorlar Şurası enerji layihəsinin realizəsi üçün ayrıdığ $160 mln. həcmində kredit MFF-ə daxil edilməyəcək. Layihənin ümumi dəyəri $220 mln. təşkil edir.
Layihə çərçivəsində Mingəçevir su elektrik stansiyasından Abşeron yarımstansiyasınadək ikikonturlu 220 kilovoltluq elektrik ötürücü xəttinin çəkilişi nəzərdə tutulur. Bununla yanaşı, 220/110 kilovoltluq yarımstansiyanı 110 kilovoltluq elektrik ötürücü xətti ilə birləşdirmək nəzərdə tutulur.
Sazişə əsasən, kredit resursları Azərbaycana 9 il güzəştli dövr olmaqla 25 il müddətinə və illik libor+0,2 faiz dərəcəsi ilə veriləcək.
AİB və Azərbaycan hökuməti 1999-cu ildən əməkdaşlıq edir. İndiyədək bank ölkə üçün dövlət zəmanəti altında $304 mln. həcmində kredit təsdiqləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]